“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci
qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd
tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə
inteqrasiya” layihəsinin icrası davam edir.
Layihənin məqsədi sosial problemli,
aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif
sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi
bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını
təmin etməkdir.
Ötən ay
başlamış 4 qrupda ümumilikdə 60 məktəbli üçün keçirilən xüsusi dərnəklər başa
çatmışdır. Dərnəyə həm icraçı məktəbin, həm də yaxın icmalardan olan digər
məktəblərdən dinləyicilər cəlb edildi. Xüsusi dərnəklərdə məktəblilərə taxtada
iş, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma, daş üzərində
rəsmlər və s. öyrədildi.
Layihə
çərçivəsində dekabrın ikinci yarısından başlayaraq növbəti ayın ortasına qədər
art terapiya kursları təşkil ediləcək. Kurslara 15 nəfərdən ibarət 1 qrupun cəlb edilməsi nəzərdə tutulmuşdur. Layihə komandası tərəfindən
sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasında formalaşacaq qrupda
art terapiyadan istifadə olunacaq.
Növbəti il
dərnəklərdə (həmçinin art terapiya kurslarında) iştirak etmiş şəxsləri
həvəsləndirmək, onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu
fəaliyyətlər zamanı düzəldilmiş əl işlərinin sərgisinin təşkili nəzərdə
tutulub. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət sərgiyə dəvət edilən
müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanışlıq, onların gələcək
fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.
Geniş
ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin yekun mərhələsində
“Dəyirmi masa”nın keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, layihə gələn ilin martında yekunlaşacaq.