Qrant layihə çərçivəsində müəllimlərlə görüş keçirilib
“2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” qrant layihəsi çərçivəsində Khan Academy platformasında istifadə və sinifdə tətbiqi ilə bağlı müəllimlərlə görüş keçirilib. Görüşdə platformadan istifadənin faydaları, effektivliyi, materialların mövcud kurikuluma uyğunlaşdırılması və tədrisi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, layihənin icra planına əsasən Xıçəso kənd ibtidai məktəbinin 3-cü sinif şagirdləri üçün riyaziyyata olan marağın artırılması və beynəlxalq təcrübə əsasında bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə xüsusi tədris proqramı həyata keçiriləcək. Layihə müddətində Khan Academy platforması əsasında tədris proqramı hazırlanaraq həftədə iki dəfə 1.5 saat olmaqla dərslər keçiriləcək. Dərslər tərcümə edilmiş və proqramlaşdırılmış vəsaitlər əsasında aparılacaq və 4 aylıq tədris dövrü ərzində şagirdlərin bilik səviyyəsinin dəyərləndirilməsi üçün tədrisin əvvəlində və sonunda test imtahanları təşkil ediləcəkdir. Layihə nəticələri və şagirdlərin nailiyyətləri təhlil edilərək paralel siniflərdə də tətbiq üçün məktəb müəllimləri ilə paylaşılacaq.
Xatırladırıq ki, “2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” adlı layihə Xıçəso kənd ibtidai məktəbində Ehtiram Məmmədov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərin riyaziyyat bacarıqlarını inkişaf etdirmək və məktəbin tədris proqramına uyğunlaşdırılmış rəqəmsal resurslar tətbiq etməklə onların öyrənmə həvəsini artırmaqdır.