Müəllimin əl kitabı: Sinfin idarə olunması
13 oktyabr
2021-ci il tarixdə saat 20:00-da “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə V
qrant müsabiqəsi çərçivəsində Bakı şəhəri, 214 nömrəli tam orta məktəbin “Müəllimin
əl kitabı: Sinfin idarə olunması” layihəsinin açılış mərasimi keçirildi. Tədbir
onlayn şəkildə MS Teams platforması üzərindən təşkil olundu.
Layihənin tanıtım videosundan sonra layihə rəhbəri, 214 nömrəli
tam orta məktəbin direktoru Fəttah Fəttayev layihənin məqsədi, yerli və beynəlxalq
təcrübədən qaynaqlanaraq, müəllimlərə sinfin idarə olunması sahəsində peşəkar
inkişaf dəstəyinin göstərilməsinin vacib olduğunu vurğuladı. Layihə çərçivəsində “Müəllimin əl kitabı:
Sinfin idarə olunması” adlı vəsaitin və onun videoizahlarının hazırlanacağı, bu
istiqamətdə təlimlərin təşkil olunacağı qeyd edildi.
Qeyd edək ki, T-network təhsil işçilərinin təcrübə və
kommunikasiya platforması layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.
Layihə çərçivəsində hazırlanacaq kitabın həmmüəlliflərindən təhsil
idarəçiliyi üzrə mütəxəssis, Qoşqar Məhərrəmli, T-network – təhsil işçilərinin
təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Naxçıvan Dövlət
Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rza Məmmədov çıxış edərək
layihə barədə öz fikirlərini bölüşdülər.
Tədbirə dəvət olunmuş qonaqlar hal-hazırda bu mövzuda kitabın
yazılmasına və təlimlərin təşkilinə böyük ehtiyac olduğunu vurğuladılar.
İştirakçılara layihə çərçivəsində keçirilən onlayn sorğu linki
göndərildi, sorğuda fikirlərini bölüşməklə layihəyə dəstək olmaları xahiş
edildi və sorğuda bölüşülən təcrübələrdən, deyilən fikirlərdən kitabın
yazılmasında sitat kimi istifadə olunacağını bildirildi.