“Biləsuvar şagirdlərinin Fizika Olimpiadalarına Hazırlıq Mərkəzi” layihəsi çərçivəsində tədbir keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Biləsuvar şagirdlərinin Fizika Olimpiadalarına Hazırlıq Mərkəzi” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbir Biləsuvar rayonu Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində baş tutub. Görüşdə məktəb-liseyin direktoru Mehman Əliyev, direktor müavinləri, layihənin işçi heyəti, müəllimlər və şagirdlər iştirak ediblər.
Qeyd edək ki, “Biləsuvar şagirdlərinin Fizika Olimpiadalarına Hazırlıq Mərkəzi” layihəsi Qadir Dadaşov tərəfindən icra edilir. Layihənin əsas məqsədi Biləsuvar rayonunda fizika fənni üzrə xüsusi istedadlı şagirdlərin aşkar edilməsi və onların olimpiada hazırlıqlarının yüksək səviyyədə təşkil edilməsidir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Bu görüşlərin məqsədi, layihə və onun mərhələləri haqqında iştirakçıları məlumatlandırmaq olub.