"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsinin icrasına başlanılıb
"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsinin icrasına başlanılıb.
Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində layihənin açılış mərasimi təşkil olunub. Açılış mərasimində məktəbin rəhbər və müəllim heyəti, eyni zamanda şagirdlər iştirak edib. Əlavə olaraq, ümumillikdə 60 nəfəri əhatə edən 3 qrupda Coursera platformasını tətbiq etməklə dərslərə başlanılıb.
Xatırladırıq ki, "Dil Öyrənməyin İnteraktivYolu: Coursera ilə Akademik İngilis dili" adlı layihə Tatar kənd tam orta məktəbdə Gilas İbrahimova tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi X və XI sinif şagirdlərinin ingilis dili bacarıqlarını akademik səviyyəyə yüksəltmək və onların universitet təhsili zamanı ingilisdilli mənbələrdən rahat istifadə etmələrinə şərait yaratmaqdır. Bu məqsədlə Coursera platformasında interaktiv dərslər təşkil olunacaqdır.
Layihə çərçivəsində hər birində 20 şagirddən ibarət 3 qrup üçün 2 ay ərzində 16 dərs keçiriləcəkdir. Kursun modulları dinləmə, danışma, tənqidi düşüncə, yazma qabiliyyəti və oxuma üzrə bilik və bacarıqların inkişafına yönəldilmişdir. Kursun sonunda şagirdlər Capstone layihəsini icra edəcək və əldə etdikləri bilikləri praktiki olaraq nümayiş etdirəcəklər.