VII Qrant Müsabiqəsi
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi
Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir.
Müsabiqənin büdcəsi 1 900 000 (bir milyon doqquz yüz min) AZN təşkil edir.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15.02.2023-31.03.2023-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.
Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:
- “Ümumi təhsil müəssisələri” kateqoriyası
- “Fərdi” kateqoriya
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı nominasiyalardan birini əhatə etməlidir:
- Texnoloji inkişafın son nailiyyətlərinin və rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqi
Əhatə olunan mövzular:
- Onlayn öyrənmə platformaları, tətbiqlər (applications) və artırılmış reallıq texnologiyaları vasitəsilə öyrənmənin təşkili;
- STEAM, kodlaşdırma, 3 ölçülü çap, animasiya proqramları, robototexnika və digər bu kimi istiqamətlər üzrə məşğələlərin təşkili.
- Təhsilalanların müxtəlif məzmunlu müsabiqələrə hazırlaşdırılması və bu cür müsabiqələrin təşkili
Əhatə olunan mövzular:
- Milli və beynəlxalq səviyyədə keçirilən olimpiada, yarış, festival və s. müsabiqələrə təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi;
- Müxtəlif məzmunlu yeni müsabiqələrin təşkili.
- Təhsilalanların yaradıcılıq, həyati, sosial bacarıq və dəyərlərinin inkişaf etdirilməsi
Əhatə olunan mövzular:
- Təhsilalanların incəsənət yönlü bacarıqlarının (məsələn: aktyorluq, rəssamlıq) inkişaf etdirilməsi;
- Təhsilalanların fiziki hərəkətliliyini təmin edən fəaliyyətlərə (məsələn: idman, mütəhərrik oyunlar) cəlb edilməsi;
- Təhsilalanların sağlam həyat tərzini (məsələn: sağlam qidalanma, zərərli vərdişlərdən qorunma, reproduktiv sağlamlıq) təşviq edən fəaliyyətlərə cəlb edilməsi;
- Təhsilalanların nitq və ünsiyyət yönlü bacarıqlarının (məsələn: ictimai nitq, debat) inkişaf etdirilməsi;
- Təhsilalanların müxtəlif kontekstlərdə (məsələn: yol hərəkəti və fövqəladə hallar zamanı, virtual mühitdə olarkən) təhlükəsiz davranış qaydaları ilə bağlı bacarıqlarının artırılması;
- Təhsilalanların milli və ümumbəşəri dəyərlərinin (məsələn: tolerantlıq, vətənpərvərlik) inkişafı;
- Təhsilalanların fərdi bacarıqlarının (məsələn: özünütanıma, liderlik, empatiya, stresin idarə olunması) inkişafı;
- Təhsilalanların informasiya savadlılığının (məsələn: media savadlılığı, internet savadlılığı) artırılması;
- Təhsilalanların iqtisadi savadlılığının (məsələn: maliyyə savadlılığı, düzgün peşə seçimi, sahibkarlıq, vergi, sığorta və bank sistemi) artırılması.
- Təhsilalanların məktəb mühitində psixo-sosial sağlamlığının və təhlükəsizliyinin təmin olunması
Əhatə olunan mövzular:
- Təhsilalanların fiziki-psixoloji zorakılıqdan və qısnamadan qorunması;
- Məktəbin psixo-sosial durumunun yaxşılaşdırılması;
- İcmanın məktəb həyatında iştirakının genişləndirilməsi.
- Təlim nəticələri zəif olan və xüsusi qayğıya ehtiyacı olan təhsilalanların təhsil keyfiyyətinin yüksəldilməsi
Əhatə olunan mövzular:
- Əvvəlki tədris illərində təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi;
- Sosial-iqtisadi səbəblərdən davamiyyəti zəif olan və ya təhsildən kənarda qalma riski olan təhsilalanlarla işin təşkili;
- Xüsusi qayğıya ehtiyacı olan təhsilalanlarla işin təşkili.
Müsabiqə iştirakçılarına verilən tələblər:
- “Fərdi” kateqoriya üzrə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər;
- “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə yalnız dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər (Qeyd: ibtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə Müsabiqəyə müraciət edə bilərlər).
İştirak tələblərini ödəyən müsabiqə iştirakçılarının layihələri aşağıdakı texniki tələblərə uyğunluq əsasında yoxlanılır:
- layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu;
- iştirakçıların yalnız bir layihə təqdim etməsi;
- layihənin icra müddətinin 3-12 ay olması;
- “Fərdi” kateqoriya üzrə layihə büdcəsinin 10 000 AZN, Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması;
- layihə təkliflərinin təkrar verilməməsi;
- iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi.
Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndirilir:
- Uyğunluq – 5 bal;
- Orijinallıq – 5 bal;
- Problemin vacibliyi – 10 bal;
- Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal;
- Faydalılıq – 20 bal;
- Davamlılıq – 10 bal;
- Fəaliyyət planı – 10 bal;
- Monitorinq və qiymətləndirmə – 10 bal;
- Maliyyə səmərəliliyi – 20 bal.
Qrant qazanan layihələrin müəyyənləşdirilməsi:
- Qrant qazanan layihələr texniki tələbləri ödəyərək məzmun qiymətləndirilməsinə buraxılmış layihələr içərisindən müəyyənləşdirilir;
- Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir;
- Keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yüksək bala malik layihələr qrant qazanır.
Əlaqə:
- Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49
- E-mail: grants@edu.gov.az