146
logo

III Qrant Müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibləri müəyyənləşib.

Müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqənin mövzuları aşağıdakılar olmuşdur:

1) Təhsilin idarəedilməsi: (nümunələr: öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərin tətbiqi, məktəblərarası əməkdaşlığın təşviqi, mübadilə proqramlarının təşkili, bölgələrdə ümumi təhsil müəssisələrinin direktorları və müavinləri üçün məktəbin idarə edilməsi səriştəliliyinin artırılması mövzusunda tədbirlərin təşkil olunması);

2) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (nümunələr: istedadlı uşaqlar üçün vəsaitlərin hazırlanması və ya tərcümə olunması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssisələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin, xüsusi kursların və yay məktəblərinin təşkili);

3) Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (nümunələr: öyrədici resursların və qiymətləndirmə vasitələrinin hazırlanması, TIMMS, PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi, məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi);

4) Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması: (nümunələr: metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi, pedaqoji işçilər üçün müxtəlif mövzularda metodiki tədbirlərin təşkili, regionlarda həmkardan həmkara dəstək formatında metodik xidmət sisteminin qurulması, məktəbdaxili metodik xidmət sisteminin təkmilləşdirilməsi;

5) Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması (nümunələr: innovativ təcrübələrin tətbiq edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi);

6) İnformasiya Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi (nümunələr: informasiya texnologiyalarının təhsilə tətbiqinin genişləndirilməsi ilə bağlı fəaliyyətlər, robotexnikanın ümumi təhsil müəssisələrində tədrisinin tətbiq edilməsi, İKT imkanlarının tədrisin təkmilləşdirilməsinə şərait yaradan fəaliyyətlər).

Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı linklər vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz:

Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr

Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr

Əlaqə:

Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49

Telefon: 146

Email: grants@edu.gov.az