VI Qrant Müsabiqəsi
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi
Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir.
Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:
- “Ümumi təhsil müəssisələri” kateqoriyası
- “Fərdi” kateqoriya
Müsabiqə fondunun büdcəsi 2 000 000 (iki milyon) AZN təşkil edir.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15.02.2022 – 31.03.2022 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir:
1. Onlayn platforma və tətbiqlər (applications) vasitəsilə öyrənmənin təşkili
Mövzunun əhatə etdiyi istiqamətlər:
- onlayn öyrənmə platforma və tətbiqlərində (məsələn, KhanAcademy, Coursera, Udemy, edX, Brilliant, Duolingo, Rosetta Stone, Lingokids, Babbel, Quizizz və s.) ödənişsiz və ya ödənişli məzmundan (kurslardan) təhsilalanların və təhsilverənlərin istər xarici dildə, istər Azərbaycan dilinə tərcümə edilərək istifadəsinin təmin edilməsi.
- müəllimlər üçün müstəqil öyrənmə platformalarına yerləşdirilməsi məqsədilə öyrədici video-çarxların hazırlanması.
2. Təhsilalanların müxtəlif məzmunlu müsabiqələrə hazırlaşdırılması və bu cür müsabiqələrin təşkili
Mövzunun əhatə etdiyi istiqamətlər:
- təhsilalanların müxtəlif olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və iştirakının təmin edilməsi.
- müxtəlif məzmunlu müsabiqələrin təşkili.
3. Dərnək və klubların təşkili
Mövzunun əhatə etdiyi istiqamətlər:
- STEAM, virtual reallıq, dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo.
- incəsənət, rəqs, ictimai nitq, debat, informasiya və media savadlılığı.
- peşə seçimi və peşə yönümü işi, sahibkarlıq, maliyyə savadlılığı.
- alternativ enerji mənbələri.
4. Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği
Mövzunun əhatə etdiyi istiqamətlər:
- fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə.
- məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi.
- həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası.
- sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunmanın təbliği.
- milli təəssübkeşlik və tolerantlıq istiqamətində bilik və bacarıqların formalaşdırılması.
- təhsilalanların iştirakı ilə məktəb icmasında sosial yönümlü layihələrin həyata keçirilməsi.
5. Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi
Mövzunun əhatə etdiyi istiqamətlər:
- inklüziv təhsil, məsafədən təhsil, oyun, layihə və problem əsaslı təlim, tətbiqlər (app-lər), simulyasiya və virtual reallıq vasitələrinin tətbiqi üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi.
- müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi.
- xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi və məktəbdə tətbiqi.
- müəllim adaptasiyası proqramlarının həyata keçirilməsi.
Müsabiqə iştirakçılarına verilən tələblər:
- “Fərdi” kateqoriya üzrə layihəni təqdim edən şəxsin təşkilati-hüquqi formasından asılı olmayaraq ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçi olması.
- “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə layihələrin dövlət tam orta ümumi təhsil müəssisəsi tərəfindən təqdim edilməsi (Qeyd: ibtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə Müsabiqəyə müraciət edə bilərlər).
Müsabiqəyə təqdim olunan layihə təkliflərinin ekspertizası və qiymətləndirilməsi:
1. Texniki ekspertiza (Hə/Yox prinsipi ilə qiymətləndirilir):
- layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu.
- iştirakçıların yalnız bir layihə təqdim etməsi.
- layihənin icra müddətinin 3-12 ay olması.
- “Fərdi” kateqoriya üzrə layihə büdcəsinin 10 000 AZN, Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması.
- layihə təkliflərinin təkrar verilməməsi.
- iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi.
2. Məzmun qiymətləndirilməsi (100 ballıq şkala ilə qiymətləndirilir):
- Uyğunluq – 5 bal.
- Orijinallıq – 5 bal.
- Problemin vacibliyi – 10 bal.
- Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal.
- Faydalılıq – 20 bal.
- Davamlılıq – 10 bal.
- Fəaliyyət planı – 10 bal.
- Monitorinq və qiymətləndirmə – 10 bal.
- Maliyyə səmərəliliyi – 20 bal.
Qrant qazanan layihələrin müəyyənləşdirilməsi:
- Yalnız texniki ekspertizadan keçən layihələr məzmun qiymətləndirilməsi mərhələsinə buraxılır.
- Məzmun qiymətləndirilməsi zamanı keçid balı 50 bal təşkil edir.
- Keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yuksək bala malik layihələr qrant qazanır.
Əlaqə:
- Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49.
- E-mail: grants@edu.gov.az