146
logo

IV Qrant Müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin nəticələri müəyyənləşib.

IV qrant müsabiqəsi üçün aşağıdakı istiqamətlər üzrə layihələr qəbul edilib:

1) Ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi (nümunələr: ümumi təhsil müəssisələrində sağlam həyat tərzini təbliğ edən tədbirlərin həyata keçirilməsi, şagirdlərin şəxsiyyət və ictimai fərd kimi formalaşmasına müsbət təsir göstərən sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması);

2) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (nümunələr: istedadlı uşaqlar üçün tədris vəsaitlərinin hazırlanması və ya tərcümə olunması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssisələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin, xüsusi kursların və yay məktəblərinin təşkili);

3) Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (nümunələr: qiymətləndirmə vasitələrinin hazırlanması, TİMMS, PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi, məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi);

4) Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması (nümunələr: ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiə edilməsinin təmin edilməsi, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsinin istiqamətləndirilməsi, şagirdlərdə müxtəlif sosial-emosional bacarıqların (özünü tanıma, özünü idarəetmə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, müsbət təsir, məqsədyönlülük, sosial şüur, ünsiyyət, məsuliyyətli qərar qəbul etmə, empatiya bacarıqları və s.) inkişaf etdirilməsi, şagirdlərin emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün əlverişli dialoq qurulması istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması);

5) Şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması (nümunələr: şagirdlərin yerli səviyyədə problemlərin həllinə cəlb edilməsi, müvafiq metodiki vəsaitlərin hazırlanması, şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi);

6) Ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi (nümunələr: öyrədici resurslar vı metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi, pedaqoji işçilər üçün müxtəlif mövzularda metodiki tədbirlərin təşkili, regionlarda həmkardan həmkara dəstək formatında metodik xidmət sisteminin qurulması, məktəbdaxili metodik xidmət sisteminin təkmilləşdirilməsi);

7) Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətinin formalaşdırılması (nümunələr: innovativ təcrübələrin tətbiq edilməsi, ümumi təhsil müəssisələrində inklüzivliklə bağlı tədbirlərin keçirilməsi, şagirdlərin sosial fəaliyyətlərə cəlb edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi);

8) Təhsildə texnoloji yeniliklərin tətbiqi (nümunələr: informasiya texnologiyalarının təhsildə rolunun artırılması, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) kurikulumlarının və robototexnikanın ümumi təhsil müəssisələrində tədrisinin tətbiq edilməsi, İKT imkanlarının tədrisin təkmilləşdirilməsinə şərait yaradan fəaliyyətlər, metodik vəsaitlərin hazırlanması);

9) Təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi (nümunələr: təhsilalanların psixoloji vəziyyətinə, öyrənmə səviyyəsinə və təhsil fəaliyyətinə mənfi təsir göstərən halların araşdırılması, onların sosial-mənəvi problemlərinin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər (qanuni nümayəndələr) ilə təhsilverənlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması).

Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllıdır.

Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı linklər vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz:

Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr

Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr

Əlaqə:

Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49

Telefon: (012) 5991155/ 5421

Email: grants@edu.gov.az