146
logo

VIII qrant müsabiqəsi

Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir.

Müsabiqənin büdcəsi 1 900 000 (bir milyon doqquz yüz min) AZN təşkil edir.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 27 fevral 2024-cü il tarixindən başlayaraq 01 aprel 2024-cü il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcəkdir.

Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:

  • “Ümumi təhsil müəssisələri” kateqoriyası;
  • “Fərdi layihələr” kateqoriyası.

Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet sahələrdən birini əhatə etməlidir:

  1. Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmənin təşkili

Dünyada geniş vüsət almış texnoloji inkişaf təhsilə də öz təsirini göstərir və getdikcə təhsildə rəqəmsal öyrənmə (onlayn, distant, virtual reallığın və süni intellektin tətbiqi ilə öyrənmə) genişlənir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr onlayn platforma və tətbiqlərdə olan məzmun və alətlərdən bəhrələnməklə öyrənməni daha səmərəli etməyə və istənilən zaman, istənilən məkanda fərdi öyrənmə üçün şərait yaratmağa istiqamətlənməlidir. Təqdim olunmuş layihə cəlb olunmuş sinif üçün platforma üzərindən öyrənmənin təşkili və müvafiq fənn üzrə dərslərə inteqrasiyası, ev tapşırıqlarının platforma üzərindən yerinə yetirilməsi, platformadan istifadənin şagirdlərin təlim nəticələrinə təsirinin qiymətləndirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Seçilmiş onlayn platforma və tətbiq ödənişli olduğu təqdirdə onun abunə haqqının, şagirdlərin planşetlərlə təmin olunmasının (icarəyə götürülməsinin), məktəbin internet bağlantısı olmadığı halda internet xidmətlərinin, platformadan istifadənin dərsə inteqrasiyasının və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Fiziki fəallığın və ünsiyyətin artırılması

Sürətli rəqəmsallaşma və elektronlaşmanın müsbət təsirləri ilə yanaşı fiziki hərəkətliliyin və ünsiyyətin azalması kimi yan təsirləri də mövcuddur. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr müxtəlif fəaliyyət növlərinin həyata keçirilməsi ilə təhsilalanların fiziki hərəkət və ünsiyyət fəallığının təmin olunmasına yönəlməlidir. Təqdim olunmuş layihə məktəbdə və ya icmada təhsilalanların layihəyə cəlb edilmə mexanizmləri, təhlükəsizlik tədbirləri və digər aidiyyəti məsələlər göstərilməklə fiziki hərəkət və ünsiyyət fəallığının artırılması üçün fəaliyyətləri, o cümlədən fiziki və intellektual qrup oyunlarını əhatə edə bilər. Fiziki hərəkət və ünsiyyət fəallığının artırılması üçün müvafiq ləvazimatların təmin olunmasının (icarəyə götürülməsinin), fəaliyyətlərin təşkil edilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Müxtəlif məzmunlu müsabiqələrə hazırlıq

Müsabiqələr təhsilalanlar üçün bir çox təcrübə və imkanlar baxımından faydalı olmaqla yanaşı onların öyrənmə, öz potensialını müəyyən etmə bacarıqlarının inkişafına, rəqabətədavamlı olmalarına, özlərinə inamın formalaşmasına, bilik və bacarıqlarını başqaları ilə müqayisə edə bilmələrinə yardımçı olur. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təhsilanların milli (məsələn, fənn olimpiadaları, STEAM Azərbaycan Festivalı, “Sabahın alimləri” Respublika Müsabiqəsi və s.) və beynəlxalq (məsələn, “Kenquru” beynəlxalq riyaziyyat müsabiqəsi və s.) müsabiqələrdə iştirak etməsinə və onların həmin müsabiqələrə hazırlaşdırılmasına yönəlməlidir. Təqdim olunmuş layihə müsabiqəyə hazırlaşdırılacaq təhsilalanların seçimi, peşəkar mütəxəssis tərəfindən etibarlı məzmun əsasında təlimlərin keçirilməsi, təhsilalanların müsabiqədə iştirakının təmin olunması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Müsabiqədə iştirak ödənişli olduğu təqdirdə orada iştirak haqqının, zəruri tədris vəsaitlərinin əldə edilməsinin, müsabiqəyə hazırlığı təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Fiziki-psixoloji zorakılığın və qısnamanın profilaktikası

Məktəbin vəzifələrindən biri də təhsilalanların təhlükəsiz və dəstəklənən mühitdə təhsil almalarının təmin edilməsidir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr məktəb icmasının zorakılıq və qısnama halları ilə üzləşməməsi istiqamətində kompleks dəstəkləyici tədbirlərin həyata keçirilməsinə yönəlməlidir. Təqdim olunmuş layihə hədəf auditoriya üçün qeyd edilən problemin həlli istiqamətində təklifin verilməsi, təhsil icmasının əməkdaşlığa cəlb edilmə mexanizminin göstərilməsi, müvafiq istiqamətlər üzrə peşəkar mütəxəssis tərəfindən etibarlı məzmun əsasında təlim, maarifləndirmə və digər təsir/dəstəkləyici tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik mühitinin gücləndirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Birləşdirici tədbirlərin keçirilməsinin, psixoloji dəstək xidmətlərinin alınmasının, müvafiq bacarığı formalaşdıracaq peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Yaşıl dünyanın təşviqi

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də cari ildə COP-29-un ölkəmizdə keçirilməsi ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin daha miqyaslı aparılmasının önəmini artırır. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr məktəb icmasının ətraf mühitə və iqlim dəyişikliyinə qarşı mübarizədə məsuliyyət hissinin artırılmasına və aparılan işlərə öz töhfəsinin verilməsinə hədəflənməlidir. Təqdim olunmuş layihə təhsil icmasının əməkdaşlığa cəlb edilmə mexanizmi göstərilməklə seçilmiş istiqamət üzrə (məsələn, iqlim dəyişikliyi və onun təsirləri) maarifləndirmə, interaktiv (məsələn, simulyasiya oyunları, rəsm sərgiləri, “EKO” günlər və s.) və praktiki fəaliyyətlərin (məsələn, məktəbin ərazisində ağacəkmə kampaniyasının keçirilməsi, tullantıların ayrılması və təkrar emal üçün göndərilməsi, panel müzakirələr və s.) təşkili, yaşıl dünyanın təşviqi istiqamətində məktəb icmasının yol xəritəsinin tərtibi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Zəruri ləvazimatların alınmasının, peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin, tədbirlərin təşkilinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Təlim nəticələri zəif olan təhsilalanlarla iş

Təlim nəticələri zəif olan təhsilalanlar bir çox hallarda özünəinam və motivasiya problemi, təlim nəticələrindəki boşluqların vaxtında aradan qaldırılmaması səbəbindən geriləmənin tədricən artması və malik olduqları bilik və bacarıqların iş dünyasının tələblərinə uyğun olmaması səbəbindən əmək bazarına həmişə layiqli və rəqabətədavamlı insan kimi formalaşa bilmirlər. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsinə, sosial-iqtisadi amillər səbəbindən davamiyyəti zəif olan və ya təhsildən kənarda qalma riski olan və xüsusi qayğıya ehtiyacı olan təhsilalanlarla işin təşkilinə yönəlməlidir. Təqdim olunmuş layihə təhsilalanların təlim nəticələrindəki zəifliyinin səbəbi və həll yollarının göstərilməsi, təhsilalanların maraq və bacarıqlarının, güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, fərdi inkişaf planının tərtib edilməsi və reallaşdırılması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Təhsilalanın təlim nəticələrinin zəif olmasına səbəb olan sosial-iqtisadi problemlərin (məsələn, nəqliyyat, geyim, qidalanma və s. təmin olunmasındakı problemlər) aradan qaldırılmasının, təhsilalanların fərdi inkişaf planının formalaşdırılmasının və reallaşdırılmasının, eləcə də layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Həyati bacarıqların inkişaf etdirilməsi

Təhsilalanların həm məktəb illərindən başlayaraq, həm də müstəqil həyata qədəm qoyduqdan sonra daha uğurlu ola bilmələrində həyati bacarıqların, o cümlədən yumşaq bacarıqların (məsələn, natiqlik və s.), rəqəmsal bacarıqların (məsələn, proqramlaşdırma, animasiya proqramlarında işləmək bacarıqları və s.) və incəsənətyönlü bacarıqların (məsələn, rəqqaslıq, rəssamlıq, aktyorluq bacarıqları və s.), eləcə də yetərli savadlılığın (məsələn, xarici dildə dinləyib-anlama və danışma, iqtisadi, maliyyə, vergi, bankçılıq, kibertəhlükəsizlik və media savadlılığının) böyük əhəmiyyəti vardır. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təhsilalanlarda yuxarıda sadalanan və sadalanmayan bacarıq və savadlılığın formalaşdırılmasına və inkişafına hədəflənməlidir. Zəruri tədris ləvazimatlarının əldə edilməsinin, müvafiq bacarıqların inkişafını təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Təhsilverənlərin fərdi inkişafı

Hər bir ölkənin təhsil sisteminin inkişafı və nəticəliliyi müəllimin təcrübəsi, pedaqoji bacarıqları və digər peşəkar keyfiyyətlərindən asılıdır. Bu baxımdan ölkəmizdə təhsilverənlər üçün davamlı olaraq peşəkar inkişaf proqramları həyata keçirilir. Qeyd edilən istiqamətdə xeyli işlər görülsə də, təhsilverənlərin özləri yeni təhsil çağırışlarına uyğun olaraq dinamik dəyişmək və inkişaf etmək imkanlarına sahib olmalıdırlar. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr yerli peşəkar inkişaf proqramlarına əlavə olaraq təhsilverənlərin özlərinin tələbatına uyğun müəyyənləşdirdiyi mötəbər xarici təsisatların təklif etdiyi sertifikatlaşdırılmış proqramlarda (beynəlxalq reytinqli imtahan üçün hazırlığı təmin edən təlim proqramlarında), tədqiqat proqramlarında, mentorluq proqramlarında və digər peşəkar inkişaf proqramlarında iştirakına (əyani yaxud onlayn) hədəflənməlidir. Təqdim olunmuş layihə təhsilverənlərin tədqiqat, mentorluq və digər sertifikatlaşdırılmış peşəkar inkişaf proqramlarında iştirakının təmin olunması, seçilmiş proqram ilə əlaqələrin qurulması və iştirak razılığının alınması (və ya artıq qurulmuş və razılıq alınmış olması), səfərlərinin təşkili, əldə edilən bilik və bacarıqların məktəb icmasına hansı formada tətbiq ediləcəyi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Sertifikatlaşdırılmış peşəkar inkişaf, mentorluq və tədqiqat proqramlarında iştirak haqqının, səfər xərclərinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür.

  1. Sərbəst seçim

Hazırkı qrant müsabiqəsində 8 əsas prioritet sahə müəyyənləşdirilmişdir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr yuxarıda qeyd olunmuş 8 əsas prioritet sahələrdə əhatə olunmayan, lakin məktəb icmasının ehtiyaclarına uyğun olaraq yerli inkişaf və innovasiyaya səbəb olacaq fəaliyyətlərə yönəlməlidir.

Müsabiqə iştirakçılarına verilən tələblər:

  • “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə nizamnaməsi, VÖEN-i və ona bağlı bank hesabı olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. (Qeyd: Qrant almış ümumi təhsil müəssisəsi qrant vəsaiti hesabına mal, iş və xidmətlərin alışını 01 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirəcək);
  • “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilər.

İştirak tələblərini ödəyən müsabiqə iştirakçılarının layihələri aşağıdakı texniki tələblərə uyğunluq əsasında yoxlanılır:

  • layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu;
  • iştirakçıların yalnız bir layihə təqdim etməsi;
  • layihənin icra müddətinin 3-12 ay olması;
  • “Fərdi layihələr” kateqoriyası üzrə layihə büdcəsinin 10 000 AZN, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması;
  • iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi.

Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndirilir:

  • Uyğunluq – 5 bal

Layihənin müsabiqənin prioritet sahələrinə uyğunluğu və layihə komponentlərinin daxili vəhdəti

  • Orijinallıq – 5 bal

Analoji layihənin əvvəlki və cari müsabiqələrə təqdim edilməməsi

  • Problemin vacibliyi – 10 bal

Problemin müsabiqənin prioritet sahələri ilə bağlılığı və benefisiarlar üçün aktuallığı

  • Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal

Məqsəd, vəzifə və gözlənilən nəticələrin müsabiqənin prioritet sahələrinə və bir-birinə uyğunluğu, konkretliyi, düzgünlüyü və problemin həllinə yönəlməsi

  • Faydalılıq – 20 bal

Layihənin icrasının müsabiqənin prioritet sahələri üzrə benefisiarlara töhfəsi

  • Davamlılıq – 10 bal

Qazanılan müsbət təcrübənin davam etmə metodologiyası, onun təşkilati və maliyyə komponentlərinin dayanıqlılığı

  • Fəaliyyət planı – 10 bal

Görüləcək işlərin müsabiqənin prioritet sahələri üzrə problemin həllinə, layihənin məqsəd və vəzifələrinə yönəlməsi, zamanlama, ardıcıllıq, icra mexanizmi, tərəfdaşlıq və kadr potensialının yetərliliyi

  • Monitorinq və qiymətləndirmə – 10 bal

Monitorinq, qiymətləndirmə və hesabatlılıq metodologiyasının, onun əsas nəticə və icra indikatorlarının həyata keçirilməsinin qənaətbəxşliyi

  • Maliyyə səmərəliliyi – 20 bal

Layihənin xərclər smetasının texniki qüsursuzluğu, layihə çərçivəsində görüləcək işlərə və bazar qiymətlərinə uyğunluğu, layihə idarəetməsi xərclərinin (layihənin məzmununa birbaşa bağlı olmayan xərclər, məsələn, layihə menecmentliyi, mühasibatlıq, kommunikasiya, bank və rabitə xərcləri və s.) layihənin  ümumi büdcəsindəki payının mütənasibliyi (40%-dən çox olmaması tövsiyə olunandır).

Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir.

Qrant qazanan layihələrin müəyyənləşdirilməsi:

  • Qrant qazanan layihələr texniki tələbləri ödəyərək məzmun qiymətləndirilməsinə buraxılmış layihələr içərisindən müəyyənləşdirilir;
  • Məzmun qiymətləndirilməsində keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yüksək bala malik layihələr qrant qazanır.

Əlaqə:

  • Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49
  • E-mail: grants@edu.gov.az