146
logo

Təhsildə yenilikçi yanaşmalar

  • Cümə axşamı 20 Yanvar 2022



V qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Təhsil Nazirliyinin təşəbbüsü ilə artıq 5-ci ildir ki, reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri təhsil müəssisələrimizin, müəllimlərimizin bir sıra uğurlu təşəbbüslərlə çıxış etməsinə, yaradıcı imkanlarını üzə çaxarmağa  imkan yaradıb. Cari tədris ilində keçirilmiş  V Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələri oxuculara çatdırmaqda davam edirik.

 

“Coursera kursları - gələcək karyera quruculuğunda”

 

Dünya ölkələrinin koronovirus pandemiyasının ağır nəticələri ilə sarsıldığı  bir dövrdə ayrı-ayrı fəaliyyət sahələrinin işinin davam etdirilməsinə nail olmaq üçün onlayn resursların əhəmiyyəti xüsusi aktuallıq kəsb etmişdir. Bu resurslar arasında xüsusilə də Kütləvi Açıq Onlayn Kurslar (MOOC - Massive Open Online Courses) geniş populyarlıq qazanmaqdadır. Yaşadığımız günlərdə öz şəxsi inkişafının qeydinə qalanlar, işçilərinin fərdi bacarıqlarının artırılması üçün səy göstərən şirkətlər, kütləvi təcrid qaydalarına riayət edən tələbələrinə yeni biliklər öyrənməkdə yardımçı olmaq istəyən universitetlər bu resurslardan yararlanmağa çalışır. Təəssüf ki, bu cür resurslarda Azərbaycan dilində kurslar olmadığı kimi xarici dil biliyi olmayan vətəndaşlarımız üçün türk dilində kurslar da xeyli az saydadır. Bu kursların əksəriyyəti ingilis dilində hazırlanmışdır.

 

Bakı şəhər 37 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Əsgərovanın layihə rəhbəri olduğu və V Qrant müsabiqəsinin qalib layihələrindən olan“Coursera kursları -gələcək karyera quruculuğunda” layihəsini bu sahədə boşluqların aradan qaldırılması istiqamətində innovattv təşəbbüslərdən hesab etmək olar. Bu barədə M.Əsgərova fikirlərini bölüşür:

 

- “Coursera” platforması bu kurslar arasında ön sırada olan kurslardandır. “Coursera”da dünyanın bir çox öncül universitet və şirkətləri öz yaratdıqları onlayn kursları təklif edirlər. Burada hər hansı kursdan yararlanmaq istədikdə ilk növbədə gələcəkdə ən çox tələb olunan sahələri araşdırmalı və ən uyğun olanları  müəyyən etmək lazımdır.  Platformada kurslar iki növə bölünür. Fərdi və ixtisaslaşma çərçivəsində olan kurslar. Fərdi kurslar yalnız bir kursdan ibarət olmaqla müəyyən sahə üzrə biliklər verir. Müddətdən asılı olaraq bütün imtahanları uğurla başa vuranlar sonda sertifikat alırlar. İxtisaslaşmalar isə özündə birdən çox, adətən 4-5 kurs ehtiva edə bilir. İxtisaslaşma üzrə hər kurs ayrı olduğu kimi onların sertifikatları da ayrı-ayrıdır. Sonda ixtisaslaşmanı bitirənlərə  ixtisaslaşma sertifikatı da təqdim olunur. Bu kurslarda iştirak etməyin ən  böyük əhəmiyyəti alınan sertifikatların beynəlxalq qurumlar tərəfindən verilməsi, tanınmış təlimçilər və müəllimlərdən dərs və gələcək karyera quruculuğunda önəmli yardımları almaqdır.

 

Layihə çərçivəsində məqsəd xarici dil biliyi yüksək olan şagirdləri seçərək, onların gələcəkdə seçim etdikləri peşə ixtisasına uyğun beynəlxalq kurslara cəlb etmək, bu şagirdlər üçün lisenziyanın alınmasını və bu sahə üzrə Yasamal rayon 176 və Nərimanov rayon 37 nömrəli tam orta məktəblərdə “Coursera kursları - gələcək karyera quruculuğunda” Dəstək Mərkəzini yaratmaqdır.

 

Bu kursların əhəmiyyəti məsafədən dünya səviyyəli bir təhsil ala bilməkdir. Layihənin vəzifələrinə Yasamal məktəb rəhbərləri ilə görüşmək və bu layihə haqqında məlumat vermək, eyni zamanda şagird seçimi etmək üçün bu layihəni  dəstəkləmək; “Coursera” kurslarında iştirak edəcək şagirdlərin diaqnostik qiymətləndirilməsini aparmaq; layihə çərçivəsində  Dəstək Mərkəzi  yaratmaq və bu mərkəzdə şagirdə dəstək vermək üçün mentor müəllimlərin hazırlanması; Şagirdlərin kurslarda iştirak etmələri üçün  xüsusi lisenziyaların alınması (hər bir kurs üçün, şagird sayına görə); şagirdləri qeydiyatdan keçirərək kurslara başlamaq; Şagirdlərin dərslərinin izlənilməsi daxildir.

 

Layihənin sonunda Mərkəz bu xidmətdən istifadə edən şəxslərə daima dəstək olacaq, bu sahə üzrə Bakı şəhər Yasamal məktəblərindən 10 bacarıqlı ingilis dili müəllimi hazırlanacaq ki, onlar layihənin davamlılığına dəstək verəcəklər. Bu platformadan istifadə edən şagirdlərin gələcək həyatında önəmli dönüş yaranacaq, onların dil bacarıqları təkmilləşmiş olacaq.

 

Layihənin monitorinqi üçün “Demokratik Gənclər” İB ilə əməkdaşlıq olunacaq. Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri ilə mütəmadi olaraq, layihənin gedişi monitorinq ediləcək. Bu zaman xüsusi qiymətləndirmə vərəqlərindən istifadə olunacaq. Beynəlxalq təcrübəyə əsaslanmış, peşəkar mütəxəssislər tərəfindən hazırlanmış anket və digər qiymətləndirmə vasitələri ilə layihə monitorinq ediləcək.

 

Bildirmək istərdim ki, layihə bitdikdən sonra  məktəbdə yaradılmış və xüsusi biliklərlə maarifləndirilmiş “Gələcək karyera quruculuğunda” Dəstək Mərkəzi tərəfindən məktəbin heyətinə bütün lazımi dəstək həyata keçiriləcək. Təlimlər  nəticəsində məktəbdə qurulan bu sistem təhsilin keyfiyyətinin artırılmasına gətirib çıxaracaq.

 

“Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması”

 

Masallı  rayon Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin müəllimi Pərvin Hüseynovanın V Qrant müsabiqəsinə təqdim etdiyi layihə - “Ailə məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması” müasir dövrdə çox aktual mövzulardan  olan valideyn-məktəb münasibətlərinə həsr olunub. Layihənin məqsədi Masallı rayonunun 5 məktəbində ibtidai siniflərin valideynlərini təlimatlandırmaq vasitəsilə valideyn və məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində model yaratmaqdır. P.Hüseynova layihə barədə deyir:

 

- Yaşadığımız dövrdə insanlar təkcə məktəbdə deyil, kənarda da öyrənirlər. Məktəb və müəllimin funksiyası uşaqların təlim-tərbiyəsinə, onların gələcəkdə layiqli vətəndaş olmasına, müasir biliklər əldə etməsinə dəstək verməkdir. Lakin bu, kifayət deyil. Burada ən çox məsuliyyət və yük valideynin üzərinə düşür. Çünki insan hansı ailədə göz açırsa, o ailə də onun təlim-tərbiyəsində, ətrafı dərk etməsində, ilkin həyati bacarıqlar və biliklər, vərdişlər qazanmasında önəmli rol oynayır. Belə ki, insanın formalaşmasında uşaqlıqdan tutmuş, yetkinlik yaşına kimi 3 əsas amil: müəllim - valideyn - şagird üçbucağı əsas komponentlər hesab olunur. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də bu 3 komponentin birgə işi, əməkdaşlığı yeni nəslin formalaşmasında, onların dəyişən dünyanın tələblərinə cavab verməsində mühüm rol oynayır. Bu komponentlərdən birinin olmaması insanın yarımçıq formalaşmasına gətirib çıxarır.

 

Ümumi təhsil məktəblərində valideynlərlə işin səmərəli qurulması istiqamətində mühüm işlər aparılır. Burada təqdirəlayiq işlərlə yanaşı çətinliklər də mövcuddur. Problemləri aşağıdakı kimi xarakterizə etmək olar:  Valideyn-məktəb əməkdaşlığının sistemsizliyi; Bəzi valideynlərin məktəbə və uşaqlarının gələcək həyatına etinasızlığı; Məktəblərin özlərinin bu işə çox ciddi, sistematik və hər hansı mexanizmlə baxmaması; Bu işdə psixoloji və davranış faktorlarının nəzərə alınmaması; Məktəbdə psixoloji müşaiyət xidmətinin qeyri-effektivliyi; Ata və anaların maarifləndirmə istiqamətində keçirilən tədbir və fəaliyyətlərin azlığı;  Mövcud fəaliyyətlərə bu sahədə ekspert və peşəkar mütəxəssislərin cəlb olunmaması;  Valideynlərin özlərinin məktəblə əməkdaşlıqdan daha çox tənqidi yanaşması və əməkdaşlıq istiqamətində təşəbbüs etməməsi. 

 

Yuxarıda qeyd edilənlərin mənfi təsiri daha çox uşaqların erkən - məktəbəqədər və ibtidai təhsil dövründə müşahidə olunur. Əksər valideynlər hər şeyi daha çox məktəbdən gözləyir və məktəblə əməkdaşlığa təşəbbüs göstərmirlər. Bu hal özünü daha çox ibtidai yaş dövründə - ibtidai siniflərdə göstərir. Bu dövr uşağın inkişafında əsas mərhələ hesab olunur. Bu dövr həm də valideyn-məktəb münasibətlərinin təməl dövrüdür. Görünən odur ki, hazırda xüsusilə ibtidai yaş dövründə olan uşaqların valideynlərinin məktəbə cəlb olunmasına böyük ehtiyac vardır. Eyni zamanda bu işin daha kütləvi və davamlı olması zərurəti aktualdır. Çünki həmin uşaqlar növbəti illərdə yuxarı siniflərdə təhsil alacaqlar. Odur ki, bu ənənəni ibtidai sinifdə başlamaq lazımdır.  Təklif olunan “Ailə Məktəbi” layihəsi valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, sosial-mənəvi problemlərin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər ilə məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsində model rolunu oynayacaqdır. Ümid edirik ki, layihə yuxarıda sadalanan problemlərin həlli istiqamətində çox ciddi dəyişikliklərə gətirib çıxaracaqdır.



 

Oruc MUSTAFAYEV

"Azərbaycan müəllimi" qəzeti