İxtiraçı gənclər – “Sabahın alimləri” layihəsinin bağlanış tədbiri keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi Mingəçevir şəhər R. Mirabov adına 7 saylı tam orta məktəbin İxtiraçı gənclər - “Sabahın alimləri” layihəsinin bağlanış tədbiri keçirilib. Layihənin bağlanış və mükafatlandırma tədbirinə Mingəçevir 13 saylı tam orta məktəb ev sahibliyi edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə 7 saylı tam orta məktəbin direktoru və layihənin rəhbəri Anar İsmayılov çıxış edərək tədbirə gələn qonaqları salamlayıb və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib: “Mən düşünürəm ki,layihə çərçivəsində istədiyimiz naliyyətləri əldə etdik, amma biz bununla kifayətlənmirik, növbəti illərdə də uğurlarımızı artıracağıq”.
Layihə rəhbəri onu da bildirib ki, layihənin təlimləri “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri, Fizika – riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti, Samir Orucov tərəfindən həyata keçirilib.
Mükafatlandırma tədbirində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, layihənin eksperti Etiram Sadıqzadə, Mingəçevir Təhsil şöbəsinin müdir vəzifəsini icra edən Zamik Zəbiyev, 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov və uğur qazanmış məktəblilər çıxış ediblər.
Tədbirin sonunda layihədə iştirak edən şagirdlər, respublika müsabiqəsində qalib olan məktəblilər, müəllimlər və KİV nümayəndələri sertifikatla mükafatlandırılıblar.
Layihənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdən ibarət idi.
Qeyd edək ki, layihə 15.09.2021-ci il tarixindən 28.02.2022-ci il tarixinə kimi zamanı əhatə edib. Layihədə iştirak hüququ qazanmış 60 şagirdə 8 fərqli mövzuda təlimlər keçirilib.