146
logo

Sumqayıtda ingilis dili müəllimlərinə beynəlxalq təcrübələr əsasında dinləyib-anlama bacarıqları üzrə təlimlər keçildi.

  • Çərşənbə axşamı 12 Yanvar 2021



Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “Dinlə -düşün-tətbiq et!” adlı layihə ilə qalib olan Sumqayıt şəhər Təfəkkür liseyi tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən 20 nəfər ingilis dili müəllimi üçün xarici dil fənn kurikulumuna əsasən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində nəzərdə tutulmuş "Dinləyib-anlama" məzmun xətti üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqlarının formalaşdırılması üçün təlimlər təşkil edilmişdir.


    Təlim ITE əlavə təhsil mərkəzinin peşəkar mentoru A.Ələkbərova tərəfindən aparılmışdır. Layihənin ekspertliyini Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin etwinning üzrə Azərbaycan səfiri, təcrübəli ingilis dili müəllimi A. Ağayeva etmişdir. Müəllimlərin pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə “My best lesson plan” müsabiqəsi də keçirilmişdir.

Təlimlər nəticəsində “dinləyib-anlama” məzmun xəttinin müxtəlif siniflər üzrə prinsipləri nəzərə alınmaqla müxtəlif metod və üsullar haqqında məlumatlara yiyələnən müəllimlər öyrəndiklərini gündəlik dərslərində tətbiqinə başladılar. Beləliklə, müəllimlərə “dinləyib-anlama” məzmun xətti ilə işin qurulmasında ənənəvi dərslərin əvəzinə, tədrisin 21-ci əsrin tələblərinə cavab verən dinləyib-anlama bacarıqları üzərində qurulan tədrisin əhəmiyyəti çatdırıldı və onlar layihə çərçivəsində çap edilmiş təlim broşuru və e-jurnalı ilə təmin olundular. Müəllimlər təlimlərdən öyrəndikləri onlayn audiofayl hazırlama imkanlarını, təlim alətlərini gündəlik dərs proseslərində səmərəli istifadə etməklə yanaşı, etwinning təhsil platforması vasitəsilə şagirdlərinə dinləyib-anlama vərdişlərini qazandırmağın daha effektli yolunu da mənimsədilər.

14 dekabr 2019-cu ildə təşkil edilmiş bağlanış tədbirində müəllimlərin təlim sertifikatları və müsabiqə qaliblərinin diplomları təqdim edilmişdir. Müəllimlər layihə nəticəsində müasir tədris alətləri vasitəsi ilə dinləmə mətnləri və faylları hazırlamaq bacarıqlarını təkmilləşdirmişlər. Layihənin uğurlu nəticəsidir ki, iki nəfər müəllim Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən ikimərhələli seçim nəticəsində Avropa ölkələrində təşkil ediləcək etwinning beynəlxalq seminarlarında iştirak haqqı qazanmışlar.