146
logo

Layihə rəhbəri Təranə Nuriyeva: "İncəsənət və texnologiyanı birləşdirərək şagirdlərə “animasiya”nı təqdim edirik."

  • Bazar ertəsi 1 Noyabr 2021



Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihəsi olan " Mənim animasiyam" dərnəyidir. Layihə rəhbəri Təranə Nuriyevanın layihə haqqında fikirlərini sizlərə təqdim edirik:

Belə bir layihənin rəhbəri olmaq təbii ki, sevindirici bir haldır. Belə bir layihəni reallaşdırmaqda mənə dəstək olan Təhsil Nazirliyinə və Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin təşkilatçılarına xüsusi təşəkkürümü bildirirəm.

Yeni nəslin böyüdüyü dövr texnologiya əsridir. Texnologiyası özünü təsəvvür edə bilməyən bir nəsil ilə yaşayırıq. XXI əsrin tələbi olan “texnoloji əyləncələr” uşaqlarda diqqət yayınıqlığına, özünəqapanmağa, özgüvən əksikliyinə və yaradıcı təfəkkürün ləngiməsinə gətirib çıxarır. Lakin biz böyüklər nə etsək də uşaqlarımızı bu “texnoloji əyləncələrdən”  təcrid edə bilmərik. Çünki dövr, zaman bunu bizdən tələb edir.

Diqqət yayınıqlığı nəticəsində ibtidai sinif şagirdləri beyinlərində qurduqları fikirlərə fokuslanıb izah edə bilmirlər. Diqqət yayınıqlığı kreativ düşüncəni, analitik düşüncəni, göz və əlin bir- biri ilə koordinasiyasını ləngidir. Konsentrasiyanı gücləndirəcək ən yaxşı metod xırda detallarla işləməkdir. Çünki şagird bu zaman diqqətini cəmləməyə məcbur olur. Digər bir məsələ isə ibtidai sinif şagirdlərində özünəqapanıqlığın çox olmasıdır. Nəzərə alsaq ki, müasir dövr uşaqları ev şəraitində kompüterdə müxtəlif proqramlarla vaxt keçirirlər, bu qaçınılmazdır. Nəticədə isə bu yaş qrupundakı uşaqlarda özgüvən əksikliyi yaranır. Araşdırmalara əsasən özgüvən əksikliyini 2 şəkildə aradan qaldırmaq olur. Bunlardan biri idman, digəri incəsənətlə məşğul olmaqdır.

Biz isə incəsənət və texnologiyanı birləşdirərək şagirdlərə “animasiya”nı təqdim edirik. 9-10 yaş qrupuna aid olan şagirdlər öz gördüklərini eləcə də görmək istədiklərini animasiya şəklində hazırlayırlar. Hazırladıqları məhsul onların yaratdığı orjinal məhsul olur. Nəticədə şagirdlərdə özgüvən problemi aradan qalxmış olur. Eyni zamanda şagirdlər animasiyanı yaradarkən kreativ şəkildə düşünməli olurlar. Bu da onlarda kreativ və analitik düşünməyə gətirib çıxarır. İkinci bir tərəfdən isə şagird öz düzəltdiyi animasiyanı ətrafdakı insanlara izah edərkən əlaqə, ünsiyyət qurmalı olur bu isə onun nitqini inkişaf elətdirir.

 

Qeyd edək ki, layihə 15 sentyabrdan icra olunmağa başlamışdır. Oktyabr ayının ilk həftəsindən dərslər başlamış, həftədə 1 dəfə 2 qrupa bölünərək  icra olunur.