Təhsildə yeni yanaşmalar
V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri
Yaşadığımız reallıqlar və yeni texnologiyalar dünyanın təhsil düzənində də əsaslı dəyişikliklər yaradıb. Təhsilalanların ənənəvi təlim üsullarından fərqli yanaşmalar tətbiq olunmaqla XXI əsrin bilik və bacarıqlarına, səriştələrinə alışdırılması pedaqoji müəssisələrdən, müəllimlərdən də tədris prosesində innovasiyaların tətbiqini tələb edir. Bu baxımdan, Təhsil Nazirliyinin təşəbbüsü ilə cari tədris ilində keçirilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi”nin qalib layihələri arasında bəhs etdiyimiz yanaşmalar üstünlük təşkil edir. Onlarla daha yaxından tanış olaq.
“Qeyri-standart terapiya”
V Qrant müsabiqəsinin qalib layihələrindən biri “Qeyri-standart terapiya” layihəsidir. Bakıdakı 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova müəllifi olduğu layihənin məqsədi və icrası çərçivəsində görülmüş işlər barədə məlumat verir:
- Layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş 15 uşaqla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha rahat olmalarını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artırılması, onlar üçün maneəsiz yaradıcı mühitin yaradılmasından ibarətdir. Art terapiyalarda Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 8-12 yaş qrupuna daxil olan 15 şagirdi iştirak edib. Layihə ərzində 4 gün art terapiyalar (rəsm, oyun, gil, musiqi) keçirilib. Layihənin icrası çərçivəsində psixoloq Şəbnəm Əlizadə tərəfindən psixodiaqnostik test metodundan istifadə edilərək hər bir uşağın daxili aləmi, onu narahat edən problemlər haqqında məlumatlar toplanılıb, eləcə də fərdi problem sahəsi müəyyən edilib. Bundan əlavə, şagirdlərlə izoterapiya keçirilib. İzoterapiya zamanı uşaqlar rəsm çəkərək öz həyəcanlarını, düşüncə və qorxularını asanlıqla əks etdiriblər. Şagirdlər onların psixoloji, emosional və fiziki vəziyyətlərinə təsir edən rənglərin vasitəsilə müxtəlif janrlarda bir-birindən maraqlı əsərlər yaradıblar.
Bundan əlavə, oyun terapiyasından istifadə olunaraq şagirdlər qruplara bölünüb və onların ünsiyyət bacarığı, qarşılıqlı kömək xüsusiyyətləri, qrupdaxili və qruplararası bacarıqları inkişaf etdirilib. Hər qrupun lideri və passiv üzvü aşkara çıxarılıb. Oyun terapiyası zamanı təfəkkürün və təxəyyülün inkişafı üçün konstruktorlardan istifadə edilib. Şagirdlər gildən istifadə edərək hazırlanan müxtəlif fiqurları rəngləyərək, eləcə də daş tozundan müxtəlif formalı qəliblər vasitəsilə kiçik fiqurların hazırlanmasını öyrəniblər. Təlimçi, keramika üzrə rəssam, müəllim Aytən Dadaşova şagirdlərə gil texnikasının özünəməxsus xüsusiyyətlərini, digər texnikalardan fərqlənən əsas cəhətlərini izah edib. Daha sonra musiqi terapiyası keçirilib. Bu çərçivədə musiqi terapiyası ilə art terapiyanın birləşməsindən ibarət olan oyun texnikasından istifadə edilib.Texnika vasitəsilə emosional katarsiz olunma təmin edilib, eləcə də uşaqlar musiqi vasitəsilə relaksasiya olunub. Terapiyanın əsas hissəsində şagirdlərin iştirakı ilə müxtəlif musiqi nömrələri və mahnılar ifa olunub. Bütün bunlar uşaqların əhvali-ruhiyyəsini yüksəldərək duyğu və emosiyalarını sərbəst şəkildə hiss etmələrinə səbəb olub. Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına şərait yaratdığı üçün şagirdlərlə birlikdə müxtəlif mahnılar da ifa olunub. Musiqi terapiyası dincəlmək, qeyri-müəyyənliyi və narahatlığı aradan qaldırmaq üçün fəal şəkildə istifadə edilib. Terapiyanın sonunda şagirdlər sertifikatlarla mükafatlandırılıb.
“Riyaziyyata toxunaq, öyrənək”
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın riyaziyyat müəllimi, “Riyaziyyata toxunaq, öyrənək” layihəsinin müəllifi Yeganə Ramazanova qeyd edir ki, şagirdlərə “STEAM nədir? Layihə əsaslı öyrənmənin həyatımızda rolu varmı” kimi suallar ünvanlasaq, onlar söhbətin nədən getdiyini bilməyəcəklər. Onlar riyaziyyatı quru, həyatla heç bir əlaqəsi olmayan bir fənn hesab edir, öyrəndiklərimizin bizə həyatda harada, nə zaman gərəkli olacağı kimi suallarla böyüyürlər.
- Riyaziyyat fənninin tədrisinin real həyatla əlaqələndirilməsi üçün dizayn, mühəndislik, incəsənət, fənn biliklərinin bir arada öyrədilməsi şagirdlərimizin yaradıcı olmalarına kömək edəcək. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM yanaşma, praktik məşğələlər vasitəsilə elmi- texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərməyimiz daha vacibdir.
Layihə əsaslı öyrənmə ilə tanışlıq nəticəsində şagirdlər mühəndis dizayn proseslərinin ardıcıllığı ilə tanış olacaqlar. Əvvəl müzakirə, iş bölgüsü, dizayn, yalnız bundan sonra inşa mərhələsi başlayır. Hər bir ayın sonunda bir layihə tamamlanmış olacaq. Hər bir sinif əldə etdikləri nəticələri web 2.0 alətlərindən istifadə etməklə ictimaiyyətə təqdim edəcək. Bununla həm də öz maraqlarını internetdən səmərəli istifadəyə yönəltmiş olacaqlar.
Şagirdlər bu layihənin icrası zamanı özlərini ifadə etmək bacarığını öyrənirlər. “Riyaziyyatı mühəndisliklə öyrənək” adlı layihədə şagirdlər əldə etdikləri bilgilərlə gündəlik həyatlarında mövcud problemlərə yaradıcı həll yollarını tapma, düşünmə qabiliyyətləri formalaşacaq ki, bu da XXI əsrin əsas tələblərindəndir.
“Riyaziyyata toxunaq, öyrənək” layihəsində şagirdlərin əylənərək, düzəldərək, öyrəndiklərini əllə tutula biləcək hala gətirərək, həyati bacarıqlar qazanmalarını və eyni zamanda müxtəlif sahələrdə riyaziyyatın tətbiqini reallaşdırmaq bacarığını aşılamaq əsas məqsədimizdir.
“Riyaziyyatı incəsənətlə öyrənək” aylığında şagirdlərə rəssamlıqda və musiqidə riyaziyyatın rolunu göstərəcəyik. Layihəmizin “Kosmonavtın enerjisi” adlı növbəti ayında şagirdlərin Şamaxı Rəsədxanasına səfəri təşkil ediləcək. Bundan əlavə şagirdlər “Dünyanın dayanıqlı inkişafını özündə əks etdirən 17 məqsədi araşdıracaqlar. Kosmonavtın enerjisini araşdırmaqla 17 məqsədi dərindən mənimsəyib öz həyatlarına tətbiq etməklə “Dünyamızı qoruyaq” layihəsinin iştirakçısı olacaqlar. Layihəmizin əhəmiyyəti:
- Riyaziyyatı toxunaraq öyrənmə şagirdlərdə özgüvən hissini artırır. Riyazi məsələlərə öz güvənləri ilə yanaşacaqlar; Şagirdlər sistemli, diqqətli, səbrli və məsuliyyətli olma özəlliklərini daha da inkişaf etdirmiş olacaqlar; Araşdırma, bilik əldə etmə, əldə olunan bilikləri bacarığa çevirmək kimi qabiliyyətləri formalaşacaq; Riyaziyyatın incəsənət, estetika ilə əlaqəsini görmüş olacaqlar; Riyaziyyat elminin insanlığın ortaq bir dəyəri olduğunu görüb bu elmə dəyər vermiş olacaqlar; Təbiətdə mövcud riyazi asılılığı dərk edəcək, riyazi asılılığı gündəlik həyatlarında tətbiq edəcəklər; Problemi həlletmə prosesində öz fikirlərini rahatlıqla ifadə edə biləcək, başqalarının riyazi fikir yürütmələrindəki əksikliyi və ya boşluğu görə biləcəklər; Şagird və müəllimlər web 2.0 alətlərindən istifadə qaydalarını öyrənmiş olacaqlar.
“İnteraktiv Geogebra platforması Azərbaycan dilində”
Təhsildə tətbiq olunan informasiya texnologiyaları təhsilin bütün səviyyələrinə nüfuz etməkdədir. İT texnologiyalarından geniş istifadə sayəsində şagirdlər tədris materiallarını daha tez əldə edir, öyrənmə prosesi əvvəlkilərə nisbətən daha sürətli gedir. Zərdab şəhər 1 saylı məktəb-liseyin riyaziyyat müəllimi Rauf Rəhimovun müəllifi olduğu “İnteraktiv Geogebra platforması Azərbaycan dilində” layihəsi də mütərəqqi yanaşmaları və aktuallığı ilə seçilir. Layihənin hədəfləri barədə müəllif özü məlumat verir:
- Son dövrlərdə Təhsil Nazirliyi tərəfindən çoxlu sayda elektron resurslar yaradılaraq şagird və müəllimlərin ixtiyarına verilib. Bununla belə, internet şəbəkələrində əsasən ingilis və rus dillərində çoxlu sayda tədris resursları vardır ki, əksər dünya ölkələrinin şagirdləri bu resurslardan asanlıqla istifadə edə bilirlər. Şagirdlərimizin də bu resurslardan istifadə etməsi hədsiz dərəcədə arzuolunandır. Belə ki, əksər ölkələr həmin resursları öz dillərinə tərcümə edərək şagird və pedaqoqların ixtiyarına veriblər. Belə resurslardan biri də ingilis dilli “Geogebra” dinamik platformasıdır. “Geogebra” özündə tədrisin cəbr, həndəsə, cədvəllər,statistika kimi bölmələrini paket halında birləşdirən pulsuz riyazi proqramdır. Bu platformadan V-XI siniflərdə riyaziyyatın tədrisinin bütün mərhələlərində istifadə etmək olar. Məsələn, Estoniyada VI sinifdən başlayaraq dərsliklərdə “Geogebra”ya aid çoxlu sayda təlimat və çalışmalar var.
“Geogebra” proqramı Avropa və ABŞ-da təhsil üzrə müsabiqələrdə mükafatlar qazanıb. Platformanı kompüterə, planşet və smartfonlara asanlıqla yükləmək və istifadə etmək olar. “Geogebra” sadə istifadəçi intreyfeysinə malikdir və dünyanın 60-dan çox dilinə tərcümə olunub, 195 ölkəni əhatə edir. Bu platformadan həmçinin Tinkercad kimi STEAM layihələrində də istifadə etmək olar. Platformanın uğurlu icrasına başlanılıb, 20 şagirdə 3 ay ərzində təlim keçilib. Təlim zamanı şagirdlər “Geogebra”nın riyaziyyata tətbiqi ilə yanaşı fizika, biologiya,tarix, astronomiya kimi fənlərə inteqrasiya edə bildilər.Onlar platforma sayəsində mühəndis,qrafika və animativ filmlər yaratmaq sahəsində də bacarıqlarını göstərə bildilər. Platformadan hazırda tədris prosesində istifadə edirik. Şagirdlər platformanı bəyənsələr də Azərbaycan dilində interfeysin olmaması çox çətinlik yaradırdı. Platformanın öz dilimizdə olmaması şagirdlərin tez-tez verdiyi suallardan idi . Buna görə də palatformanın icma rəhbərinə məktub yazaraq “Geogebra” platformasının dilimizə tərcümə edilməsinə müsbət cavab aldıq. Platforma tərəfimizdən Azərbaycan dilinə tərcümə edilərək şagird, müəllim və tələbələrin istifadəsinə verildi.
Layihəmizin əsas məqsədi ingilis dilində mövcud olan açıq öyrədici əlavə resursların (Geogebra platforması) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi, həmçinin platformanı şagird, müəllimlər və tələbələr arasında populyarlaşdırmaqdır.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" qəzeti