146
logo

Layihə əsaslı təlim dövrümüzün tələbidir

  • Cümə axşamı 16 Dekabr 2021



Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən V qrant müsabiqəsinin qalibi olmuş İngilis dilini layihə əsaslı təlimlə öyrədək layihəsi çərçivəsində təlimlər davam edir. Layihə haqqında Bərdə şəhər Milli Qəhrəman EIgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədova öz fikirlərini bölüşüb.

Təhsil Nazirliyinin apardığı islahatın əsas məqsədi, ana xətti təlim prosesində şagird təfəkkürünün inkişafı üçün ona bilik ötürməyi yox, bilik qazanmaq üçün şərait yaratmaqdır və şagirdlərin bu istiqamətdə daha keyfiyyətli təhsil almalarına töhvə verməkdir. Hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında onların real həyata hazırlanması mühüm amildir. Bu amillər şagirdlərdən komanda işi, problem həll etmə, araşdırma,məlumat toplama, vaxtın idarəedilməsi, məlumatların sintezi, yüksək texnoloji vasitələrdən istifadə bacarıqlarına sahib olmağı tələb edir. Layihə əsaslı təlim bu əsasda başlıca zəmindir. Bu bacarıqların birləşməsi ilə şagirdlər bacarıqlı bir müəllim tərəfindən rəhbərlik və təlimat alaraq öyrənmə proseslərinin “ direktoru” və “meneceri” olurlar. Layihə işinin ən böyük üstünlüklərindən biri məktəbi real həyata daha çox bənzətməsidir. Layihə zamanı şagirdlər gerçək bir mövzunu dərindən araşdırırlar. Bu isə öz növbəsində fəal təlim metodlarından istifadə etməklə, şagirdlərin idrak fəallığının artırırılmasını, onları düşündürməyə, müstəqil qərarlar çıxarmağa yönəltməyi zəruri edir.

 Müasir dövrdə Azərbaycan təhsilinin qarşımıza qoyduğu məqsəd XXI əsrin tələblərinə cavab verən və XXI əsr bacarıqlarına 1.Tənqidi düşünmə və problemin həlli; 2.Yaradıcılıq və innovasiya; 3.Əməkdaşlıq, komanda işi və liderlik; 4.Mədəniyyətlərarası anlaşma; 5.Ünsiyyət və media savadlılığı; 6.Hesablama və İKT texnologiyasına yiyələnmiş, mənəvi dəyərləri özündə birləşdirən, təhsildə aldığı bacarıqları həyatda tətbiq etməyi bacaran şəxsiyyətlər yetişdirməkdir. (PBL) Layihə əsaslı təlim şagirdlərin biliklərə əsaslanan, yüksək texnoloji bir cəmiyyətdə yaşamaq bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Niyə məhz Layihə Əsaslı təlim? Çünki, biz Layihə əsaslı bir dünyada yaşayırıq. Layihə əsaslı təlim, şagirdlərə real dünyada qarşılaşa biləcəkləri problemlər və problemlər ətrafında qurulan layihələr vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı vermək üçün hazırlanmış bir təlim yanaşmasıdır. Və ya İsveçrə Psixoloqu Jan Piajenin dediyi kimi “bilik təcrübənin nəticəsidir”. Şagirdləri həyatda uğur qazanmağa hazırlamaq istəyiriksə, onları layihə əsaslı bir dünyaya hazırlamalıyıq. (PBL) Layihə əsaslı təlim şagirdləri ömür boyu öyrənməyə təşviq edir. PBL və texnologiyanın istifadəsi şagirdlərə, müəllimlərə və idarəçilərə məktəb binasının kənarında olmaq üçün imkan verir. Layihələr şagirdləri yeni bir məlumat bazasının qurucusu edir və uşaqlara ömür boyu öyrənmələrini idarə etməyi öyrədir. Belə şəxsiyyət tənqidi düşünməyi, fikir irəli sürməyi, başqalarının fikrinə münasibət bildirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşılaşdığı problemlərin optimal həllini tapmağı bacarır, problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi bacarır ki, bu da bugünkü təhsilimizin qarşıya qoyduğu ən mühüm məqsəddir.

Bu gün Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə biznes və təhsil əlaqələri geniş vüsət almışdır. İstənilən sahədə uğur qazanmaq istəyən hər bir azərbaycanlı bir və ya bir neçə xarici dil bilməli, aşağıdakı bacarıqlara malik olmalıdır: planlaşdırma, tənqidi düşünmə, yaradıcılıq , təqdimat bacarıqları, mədəniyyətlərarası anlaşma, vizuallaşdırma və qərar qəbuletmə ,texnologiyanın necə və nə vaxt istifadə ediləcəyini bilmək . Bu bacarıqlara nail olmaq üçün, ingilis dilinin tədrisində nailiyyətlər əldə etmək üçün biz layihə əsaslı təlimlə ingilis dilini öyrədə bilən müəllimlər hazırlamalıyıq.