Təhsilverənlər layihə bacarıqlarını artırırlar
Təlimdə iştirak edən müəllimlər
Son illər Təhsil Nazirliyinin keçirdiyi müsabiqələr, reallaşdırdığı layihələr təhsil işçiləri tərəfindən böyük maraqla qarşılanır. Elə başa vurduğumuz ilin son aylarında uğurla icra edilən “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlər də xüsusilə yadda qaldı. Artıq qeyd etdiyimiz kimi, ötən ayın 22-dən start götürən təlimlərin böyük hissəsi yekunlaşıb, bir qismi isə hazırda davam edir. Təlimlərə ölkənin bütün rayon və şəhərlərindən 3000-dən çox təhsilverən qatılıb. Qeyd edək ki, təlimlərə ümumilikdə 4371 təhsilverənin cəlb edilməsi nəzərdə tutulub. Təlimləri uğurla bitirən təhsil işçilərinə sertifikatlar təqdim edilib.
Təlim ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi, dinləyiciyə istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqlarının artırılmasına hədəflənib.
Məlumat üçün bildirək ki, təlimlər 36 akademik saat olmaqla beynəlxalq və yerli müstəvidə geniş təcrübəyə malik təlimçilər tərəfindən keçirilir.
Təhsil Nazirliyinin yaratdığı bu imkandan yararlanan müəllimlərimizdən bir neçəsi bununla bağlı öz fikirlərini bizimlə bölüşüblər.
“Gənc müəllimlərə stimul yaradılır”
Leyla Abdulxalıqova ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir. Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə çalışır.
L.Abdulxalıqova bir müəllim kimi iştirak etdiyi təlim barədə fikirlərini söyləyir: “Təlim Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur. Təlimçimiz Hüseyn müəllim bizə böyük həvəslə və əzmlə layihə işinin yazılması qaydalarını öyrətdi. Ümidvaram ki, layihə işinin yazılması, ardıcıl olaraq təhlili istiqamətində görülən işlər gələcəkdə öz bəhrəsini verəcəkdir”.
O, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən olduqca razıdır. Gənc və həvəsli müəllimlərin nəzərə alınmasını, bu yöndə stimul yaradılmasını təqdirəlayiq hesab edir.
“Bacarıqlarımı artırmaq üçün daim bir fürsət axtarırdım”
Şahmar Quliyev Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəridir. Şamaxı rayon Dəmirçi kənd S.Heydərov adına tam orta məktəbində riyaziyyat və informatika müəllimi kimi fəaliyyət göstərir. 2020-ci ildə Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində iştirak edib, lakin qalib ola bilməməsi səbəbini bizimlə bölüşür: “Bu sahədə lazımi bilik və bacarıqlarımın olmaması, o cümlədən təcrübəsizliyim həmin ildə müəllifi olduğum layihənin uğur qazana bilməməsi ilə nəticələndi. Amma bu uğursuzluq məni heç də həvəsdən salmadı. Bu sahədə bacarıqlarımı artırmaq üçün daim bir fürsət axtarırdım. 2021-ci ildə elan olunmuş V qrant müsabiqəsində fərqli mövzu üzrə iştirak etdim və müəllifi olduğum “Hər kəs üçün təhsil” layihəsi qrant qazandı. Rəhbəri olduğum layihənin icrasından irəli gələn bəzi çətinliklər bu sahədə bilik və bacarıqlarımın inkişaf etdirilməsinə hələ də ehtiyac olduğunu göstərdi. Bu təlimdə iştirak edərək qrant layihə haqqında ümumi biliklərimizi artırdıq, problemin qoyulması, səbəb-nəticə əlaqələri, məqsəd və vəzifələri, layihənin icra planı və davamiyyəti, monitorinqi və qiymətləndirməsi, layihə smetasının hazırlanması mərhələləri üzrə bacarıqlarımızı inkişaf etdirdik. Təlim boyu nəzəri materiallarla tanış olduq, qrupdaxili fəaliyyətlərdə öyrəndiyimiz bacarıqları inkişaf etdirdik.”
Ş.Quliyev Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Layihə planlaşdırılması və layihə təklifinin hazırlanması” təlimini müəllimlər üçün çoxdan gözlənilən bir fürsət olduğunu, təlim çərçivəsində əldə etdikləri bilik və bacarıqlarının gələcəkdə keçiriləcək qrant müsabiqələrində uğurlu iştirak üçün faydalı olacağını vurğuladı. Təlimlər və müsabiqələr təşkil etdiyi üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirdi.
“Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm”
Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Turanə İmanovanın təlimlə bağlı fikirləri: “Bu təlim vasitəsilə layihənin necə təşkilini və hazırlanmasını, mövzu seçərkən nələrə diqqət edilməli olduğunu, necə məqsəd seçməyi, məqsədə uyğun vəzifələr müəyyən etməyi, vəzifələrə uyğun fəaliyyət planı hazırlamağı məhz bu təlim vasitəsilə öyrəndim. Layihə planlarının verilməsi və ümumiyyətlə, cəmiyyətə bu layihənin səmərəli olduğunu çatdırmaq ideyası layihənin yekunu olaraq məndə müsbət fikirlər formalaşdırdı. Biz gənc müəllimlər üçün bu imkanı yaratdığı üçün Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm.
Turanə müəllim məhz bu təlim vasitəsilə layihənin necə təşkilini və onun hansı məqsədlə həyata keçirəcəyini öyrəndiyini vurğuladı.
Mövzuya gəldikdə isə, Turanə İmanova bildirir ki, nəsə seçmək, nəsə axtarmaq lazım deyil. İnsan gördüyünə varsa dəyərləndirməli və bu haqda öz beynində təhlil aparmalıdır. Ən əsas da dəstək olmalıdır. Təhsil Nazirliyinin bizlərə verdiyi dəstək kimi.
“Layihə nədir? Necə hazırlanır? Bu təlimdə öyrəndim”
Ucar rayonu Natiq İsmayılov adına Pirkənd kənd tam orta məktəbində riyaziyyat fənnini tədris edən Sevanə Lətifli təlim iştirakçılarımızdan biridir: “ Təlim o qədər gözəl keçdi ki, 6 gün hardan gəldi-getdi hiss etmədim. Çox gözəl və öyrədici təlim oldu. Layihə nədir? Necə hazırlanır? bu təlim vasitəsilə öyrəndim. Təlimçinin sayəsində layihə yazmaq fikrim formalaşdı”.
Sevanə müəllim qeyd edir ki, belə təlimlər mütəmadi olaraq keçirilməlidir.
“Yeniliklər kəşf etdim”
Günay Babatova Xətai rayonu 269 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Təlimdə bir çox yeniliklər kəşf etdiyini söyləyir: “Təlim çox gözəl təşkil edilmişdir. Özüm üçün bir çox yeniliklər kəşf etdim. İştirakçıların maraqlı müzakirələri təlimi daha da rəngarəng etdi”.
Günay müəllim deyir ki, təlimdə əldə etdiyi yeni biliklərlə layihə yazmağı planlaşdırır.
“Hədəflərim böyükdür”
Zamin Həziyev Cəbrayıl rayon Cocuq Mərcanlı tam orta məktəbin direktorudur. 2017-ci ildə “Öyrədərək öyrənək” layihəsi ilə qrant müsabiqəsinin qalibi olub. Təlimdən sonra çoxlu planları, hədəfləri olduğunu deyir: “Sevindirici haldır ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimdə mən də iştirak etdim. Təhsildə hər zaman yeni ideyalar və təşəbbüslərə ehtiyac olduğunu nəzərə alaraq əldə etdiyim yeni biliklər əsasında növbəti layihələrimlə təhsildə faydalı cığır açmaq istəyirəm”.
Günel ƏHMƏDOVA