146
logo

X qrant müsabiqəsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” sənədi əsasında “Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqənin əsas məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

Müsabiqənin büdcəsi 1 900 000,00 (bir milyon doqquz yüz min) AZN təşkil edir.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 13.04.2026-cı il tarixindən başlayaraq 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcəkdir.

Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:

  1. “Fərdi layihələr” kateqoriyası

“Fərdi layihələr” kateqoriyası üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilər.

  1. “Ümumi təhsil müəssisələri” kateqoriyası

“Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət qeydiyyatı haqqında şəhadətnaməyə, təsdiq edilmiş nizamnaməyə (Qeyd: Nizamnamədə qrant vasitəsilə fəaliyyətlər həyata keçirməyə imkan verən müddəalar olmalıdır), VÖEN-ə və ona bağlı bank hesabına malik olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. (Qeyd: Qrant almış dövlət tam orta ümumi təhsil müəssisəsi qrant vəsaiti hesabına mal, iş və xidmətlərin alışını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirəcək).

“Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir:

  1. Rəqəmsal məktəb platformasında süni intellekt alətləri vasitəsi ilə öyrənmənin təşkili

Rəqəmsal məktəb platforması Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən istifadəyə verilmiş, rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlığı birləşdirən inteqrasiya olunmuş platformadır. Platforma müəllimlər və şagirdlər üçün müxtəlif rəqəmsal alətlər təqdim edir və xüsusilə süni intellekt əsaslı imkanlar vasitəsilə tədris prosesinin planlaşdırılması, məzmunun hazırlanması və öyrənmə prosesinin daha səmərəli təşkili üçün imkanlar yaradır. Bu istiqamət üzrə təqdim ediləcək layihələr platformada mövcud olan məzmun və alətlərdən istifadə etməklə tədrisin təşkili, öyrənmə prosesinin daha səmərəli qurulması və təhsilalanlar üçün istənilən zaman və məkanda fərdi öyrənmə imkanlarının genişləndirilməsinə yönəlməlidir. Layihələr çərçivəsində seçilmiş siniflər üzrə platforma üzərindən öyrənmənin təşkili və müvafiq fənlərin tədrisinə inteqrasiyası, platformada təqdim olunan süni intellekt alətlərindən müəllimlərin istifadə etməsi üçün onlara təlimlərin keçirilməsi, həmin alətlərdən istifadə etməklə tədris prosesinin təkmilləşdirilməsi, həmçinin bu alətlərin şagirdlərin təlim nəticələrinə təsirinin qiymətləndirilməsi və digər əlaqəli fəaliyyətlər maliyyələşdirilə bilər.

  1. Ümumi təhsil pilləsində Elm və Təhsil Nazirliyi tərəfindən  həyata keçirilən proqramlara qoşulmaya dəstək

Dünya təhsil sistemində baş verən müasir tendensiyalara uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması və təhsilalanların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra proqramlar həyata keçirilir. Bu proqramlara STEAM Azərbaycan, Rəqəmsal bacarıqlar, Peşə təmayüllü siniflər, Məktəblinin dostu, Müasir metodist və digərləri nümunə göstərilə bilər. Qeyd olunan proqramlar ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı ümumi təhsil müəssisələrini əhatə etsə də, onların tətbiqi hələ bütün məktəbləri əhatə etmir. Bu baxımdan sözügedən proqramların əhatə dairəsinin genişləndirilməsi və yeni təhsil müəssisələrinin həmin proqramlara qoşulmasının təşviqi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamət üzrə təqdim ediləcək layihələr sözügedən proqramların əhatə dairəsinin genişləndirilməsinə, yeni təhsil müəssisələrinin həmin proqramlara qoşulmasına, əlaqəli zəruri təşkilati və metodiki fəaliyyətlərin həyata keçirilməsinə yönəlməlidir. Layihə çərçivəsində müvafiq tədris və texniki ləvazimatların təmin olunması və ya icarəyə götürülməsi, müvafiq sahə üzrə mütəxəssislərin xidmətlərinin cəlb edilməsi, metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi, həmçinin layihənin icrası ilə bağlı digər zəruri xərclər maliyyələşdirilə bilər.

  1. Şəhərsalma və davamlı yaşayış mühiti üzrə maarifləndirmə

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli 858 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu çərçivədə dayanıqlı şəhər və şəhərsalma mühitinin formalaşdırılması, ictimai məkanların səmərəli istifadəsi və şəhərsalma ilə əlaqədar qlobal çağırışlara qarşı maariflənfdirmə xüsusi aktuallıq kəsb edir. Qeyd edilən kontekstdə təhsilalanların erkən yaşlardan etibarən şəhərsalma və urbanizasiya mədəniyyəti, şəhər mühitinin planlaşdırılması, yaşayış məkanlarının funksionallığı, təhlükəsiz və inklüziv şəhər mühitinin formalaşdırılması, şəhər məkanlarının səmərəli istifadəsi və ictimai məkanların qorunması ilə bağlı bilik və dəyərlərlə formalaşdırılması, onların bu istiqamətdə məlumatlılığının artırılması vacibdir. Bu istiqamət üzrə təqdim ediləcək layihələr təhsilalanlar arasında şəhərsalma və davamlı yaşayış mühiti mövzularında maarifləndirmə tədbirlərinin təşkilini, ictimai və yaşayış məkanlarına məsuliyyətli münasibətin formalaşdırılmasını, şəhər mühitinin inkişafı və qorunması ilə bağlı təhsilalanların bilik və bacarıqların artırılmasını, eləcə də müxtəlif təbliğat və maarifləndirmə fəaliyyətlərini əhatə edə bilər. Layihə çərçivəsində maarifləndirici görüşlərin keçirilməsi, seminar və müzakirələrin təşkili, məlumatlandırıcı materialların hazırlanması və yayılması, müvafiq sahə üzrə mütəxəssislərin cəlb edilməsi, eləcə də layihənin həyata keçirilməsi ilə bağlı digər zəruri xərclər maliyyələşdirilə bilər.

“Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir:

  1. Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmə

Dünyada geniş vüsət almış texnoloji inkişaf təhsilə də öz təsirini göstərir və getdikcə təhsildə rəqəmsal öyrənmə (onlayn, distant, virtual reallığın və süni intellektin tətbiqi ilə öyrənmə) genişlənir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr onlayn platforma və tətbiqlərdə olan məzmun və alətlərdən bəhrələnməklə öyrənməni daha səmərəli etməyə və istənilən zaman, istənilən məkanda fərdi öyrənmə üçün şərait yaratmağa istiqamətlənməlidir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr cəlb olunmuş sinif üçün platforma üzərindən öyrənmənin təşkili və müvafiq fənn üzrə dərslərə inteqrasiyası, ev tapşırıqlarının platforma üzərindən yerinə yetirilməsi, platformadan istifadənin şagirdlərin təlim nəticələrinə təsirinin qiymətləndirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Seçilmiş onlayn platforma və tətbiq ödənişli olduğu təqdirdə onun abunə haqqı, şagirdlərin planşetlərlə təmin olunması (icarəyə götürülməsi), məktəbin internet bağlantısı olmadığı halda internet xidmətləri, platformadan istifadənin dərsə inteqrasiyası və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.

 

  1. Təhsilalanların fiziki inkişafı

Fiziki inkişaf fəaliyyətləri sağlamlığı gücləndirməklə, eləcə də diqqət dağınıqlığını və stresi azaltmaqla təhsilalanların akademik nailiyyətlərinin yüksəlməsinə xidmət edir. Ümumi təhsil müəssisələrində təhsilalanlara fiziki tərbiyə fənni tədris olunsa da, həmin fəndə təhsilalanların müxtəlif maraq və ehtiyaclarına uyğun gələn fiziki fəaliyyətlər, xüsusilə də Azərbaycan məktəbləri üçün ənənəvi olmayan fiziki fəaliyyətlər tam əhatə oluna bilmir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhlükəsizlik tədbirləri görülməklə təhsilalanların Azərbaycan üçün ənənəvi olmayan fiziki fəaliyyət növlərinə, məsələn, Azərbaycanda federasiyası olmayan idman oyunlarına (sepak takrau, tekbol, parkur və friranninq, sləklayn, altimet frizbi və s.), skautinq fəaliyyətinə, yoqaya, piyada turizminə və s. cəlb edilməsini, məktəb idman komandalarının yaradılması/inkişaf etdirilməsini və digər aidiyyəti məsələləri əhatə edə bilər. Fiziki fəallığın artırılması üçün müvafiq ləvazimatların təmin olunması (icarəyə götürülməsi), layihənin həyata keçirilməsi ilə bağlı mütəxəssis xidmətləri, yaradılmış idman komandası və digər bu qəbildən olan uşaq birliklərinin fəaliyyətinin təmin edilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.

 

  1. Müxtəlif məzmunlu intellektual müsabiqələrə hazırlıq

Müsabiqələr təhsilalanlar üçün bir çox təcrübə və imkanlar baxımından faydalı olmaqla yanaşı onların öyrənmə, öz potensialını müəyyən etmə bacarıqlarının inkişafına, rəqabətədavamlı olmalarına, özlərinə inamın formalaşmasına, bilik və bacarıqlarını başqaları ilə müqayisə edə bilmələrinə yardımçı olur. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhsilalanların milli və beynəlxalq müsabiqələrdə iştirak etməsinə, onların müxtəlif intellektual müsabiqələrə hazırlaşdırılmasına və məktəblərdə peşəkar olimpiada hazırlıq mərkəzlərinin yaradılmasına yönəlməlidir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr müsabiqəyə hazırlaşdırılacaq təhsilalanların seçimi, peşəkar mütəxəssis tərəfindən etibarlı məzmun əsasında təlimlərin keçirilməsi, təhsilalanların müsabiqədə iştirakının təmin olunması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Müsabiqədə iştirak ödənişli olduğu təqdirdə orada iştirak haqqı, zəruri tədris vəsaitlərinin əldə edilməsi, müsabiqəyə hazırlığı təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.

 

  1. Həyati bacarıqların inkişaf etdirilməsi

Təhsilalanların həm məktəb illərindən başlayaraq, həm də müstəqil həyata qədəm qoyduqdan sonra daha uğurlu ola bilmələrində həyati bacarıqların, o cümlədən yumşaq bacarıqların (məsələn, natiqlik və s.), rəqəmsal bacarıqların (məsələn, süni intellekt alətləri və animasiya proqramlarında işləmək bacarıqları və s.), incəsənətyönlü bacarıqların (məsələn, aktyorluq, xor ifası, rəqs və s.), eləcə də müxtəlif istiqamətlər üzrə yetərli savadlılığın (məsələn, xarici dildə dinləyib-anlama və danışma, iqtisadi, maliyyə, vergi, bankçılıq, kibertəhlükəsizlik və media savadlılığının) böyük əhəmiyyəti vardır. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhsilalanların asudə vaxtlarının səmərəli təşkili, onlarda müxtəlif istiqamətlər üzrə bacarıq/savadlılığın formalaşdırılması və inkişafı, məktəb teatr klublarının, xor və rəqs ansambllarının yaradılması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Zəruri tədris ləvazimatlarının əldə edilməsi, müvafiq bacarıqların inkişafını təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsi, yaradılmış klub, ansambl və digər bu qəbildən olan uşaq birliklərinin fəaliyyətinin təmin edilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.

 

  1. Təhsilverənlərin peşəkar inkişafı

Hər bir ölkənin təhsil sisteminin inkişafı və nəticəliliyi müəllimin təcrübəsi, pedaqoji bacarıqları və digər peşəkar keyfiyyətlərindən asılıdır. Bu baxımdan ölkəmizdə təhsilverənlər üçün davamlı olaraq peşəkar inkişaf proqramları həyata keçirilir. Qeyd edilən istiqamətdə xeyli işlər görülsə də, təhsilverənlər yeni təhsil çağırışlarına uyğun olaraq dinamik dəyişmək və inkişaf etmək imkanlarına sahib olmalıdırlar. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr yerli peşəkar inkişaf proqramlarına əlavə olaraq təhsilverənlərin mötəbər xarici təsisatların təklif etdiyi sertifikatlaşdırma proqramlarında (beynəlxalq reytinqli imtahan üçün hazırlığı təmin edən təlim proqramlarında), tədqiqat və ya mentorluq proqramlarında, digər peşəkar inkişaf proqramlarında iştirakına (əyani yaxud onlayn) hədəflənməlidir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhsilverənlərin tədqiqat, mentorluq və digər peşəkar inkişaf proqramlarında iştirakının təmin olunması, seçilmiş proqramın təşkilatçıları ilə əlaqələrin qurulması və iştirak razılığının alınması (və ya artıq qurulmuş və razılıq alınmış olması), səfərlərin təşkili, əldə edilən bilik və bacarıqların məktəbdə tətbiqi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Peşəkar inkişaf, mentorluq və tədqiqat proqramlarında iştirak haqqı, səfər xərcləri və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.

 

  1. Məktəb göstəricilərinin yüksəldilməsi

Hər bir məktəb öz şagirdlərinin uğuruna töhfə vermək üçün digər məktəblərlə bərabər imkanlarla təchiz edilsə də, müxtəlif sosial-iqtisadi və akademik amillər nəticəsində bəzi məktəblər daha zəif göstəricilərə malik ola bilir. Bu cür məktəblərin dəstəklənməsi və inkişaf etdirilməsi, onların ehtiyaclarının düzgün müəyyən edilməsi,  təhsilverənlərə metodiki və resurs dəstəyinin göstərilməsi, valideynlərin və icmanın məktəblə əməkdaşlığının gücləndirilməsi ümumi təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün çox vacibdir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr məktəb göstəricilərinin yüksəldilməsinin təmin edilməsi, beynəlxalq təcrübəyə əsaslanan model məktəblərin yaradılması, uğurlu təhsil strategiyalarının zəif məktəblərə inteqrasiyası, təhsilalanların akademik göstəricilərinin yaxşılaşdırılması, məktəbin beynəlxalq qiymətləndirmələrə hazırlığının təmin edilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Zəruri ləvazimatların əldə edilməsi, peşəkar mütəxəssislər tərəfindən məktəblərə dəstək tədbirlərinin verilməsi, təlimlərin keçirilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.

Müsabiqə iştirakçılarının layihələrinin aşağıdakı texniki tələblərə uyğunluğu yoxlanılır:

  • layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu;
  • iştirakçıların yalnız bir layihə təqdim etməsi;
  • layihənin icra müddətinin 3-12 ay olması;
  • “Fərdi layihələr” kateqoriyası üzrə layihə büdcəsinin 10 000 AZN, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması;
  • iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi.

Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndirilir:

  • Uyğunluq – 5 bal

Layihənin müsabiqənin prioritet istiqamətlərinə uyğunluğu və layihə komponentlərinin daxili vəhdəti

  • Orijinallıq – 5 bal

Analoji layihənin əvvəlki və cari müsabiqələrə təqdim edilməməsi

  • Problemin vacibliyi – 10 bal

Problemin müsabiqənin prioritet istiqamətləri ilə bağlılığı, onun etibarlı mənbələrlə əsaslandırılması və benefisiarlar üçün aktuallığı

  • Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal

Məqsəd, vəzifə və gözlənilən nəticələrin müsabiqənin prioritet istiqamətlərinə və bir-birinə uyğunluğu, konkretliyi, düzgünlüyü və problemin həllinə yönəlməsi, gözlənilən nəticələrin ölçüləbilən olması

  • Faydalılıq – 20 bal

Layihənin icrasının müsabiqənin prioritet istiqamətləri üzrə benefisiarlara töhfəsi

  • Davamlılıq – 10 bal

Qazanılan müsbət təcrübənin davam etmə metodologiyası, onun təşkilati və maliyyə komponentlərinin dayanıqlılığı

  • Fəaliyyət planı – 10 bal

Görüləcək işlərin ətraflı təsviri və aydınlığı, onların müsabiqənin prioritet istiqamətləri üzrə problemin həllinə, layihənin məqsəd, vəzifə və gözlənilən nəticələrinə yönəlməsi, zamanlama, ardıcıllıq, icra mexanizmi, tərəfdaşlıq və kadr potensialının yetərliliyi

  • Monitorinq və qiymətləndirmə – 10 bal

Monitorinq, qiymətləndirmə və hesabatlılıq metodologiyasının, onun əsas nəticə və icra indikatorlarının həyata keçirilməsinin qənaətbəxşliyi

  • Maliyyə səmərəliliyi – 20 bal

Layihənin xərclər smetasının texniki qüsursuzluğu, layihə çərçivəsində görüləcək işlərə və bazar qiymətlərinə uyğunluğu, layihə idarəetməsi xərclərinin (layihənin məzmununa birbaşa bağlı olmayan xərclər, məsələn, layihə menecmentliyi, mühasibatlıq, kommunikasiya, bank və rabitə xərcləri və s.) layihənin  ümumi büdcəsindəki payının mütənasibliyi (vergi və rüsumlar daxil olmaqla 40%-dən çox olmaması tövsiyə olunandır).

Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir.

Qrant qazanan layihələrin müəyyənləşdirilməsi:

  • Qrant qazanan layihələr texniki tələbləri ödəyərək məzmun qiymətləndirilməsinə buraxılmış layihələr içərisindən müəyyənləşdirilir;
  • Məzmun qiymətləndirilməsində keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yüksək bala malik layihələr qrant qazanır.

Qeyd:

  • Texniki problemlərlə qarşılaşmamaq üçün layihənin təqdim edilməsini son günlərə saxlamamaq tövsiyə olunur.
  • Qrant vəsaiti qrant müsabiqəsinin qalibi olmuş layihələr üzrə bağlanılmış qrant müqavilələri “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq müvafiq qaydada qeydə alındıqdan sonra ayrılır.

Əlaqə:

  • Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49

E-mail: grants@edu.gov.az