146
logo

Şəhidlərin xatirəsi üçün yaradılan muzeyin açılışı olub

  • Bazar ertəsi 24 Yanvar 2022



Beyləqanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzeyin açılışı olub. Muzey məktəbin müəllimi Şükufə Şirinovanın Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olan “Məktəbimizin məzunu olmuş şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” layihəsi əsasında ərsəyə gəlib. 

Layihənin məqsədi məktəbin məzunu olmuş şəhidlərin keçdiyi döyüş yolu və igidliklərini təbliğ etməklə gənclər arasında vətənpərvərlik ruhunun daim yüksək olmasına töhfə verməkdən ibarətdir.

Beyləqan rayonu Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbində şəhidlərin xatirəsi üçün yaradılan muzeyin açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin işçiləri, şəhid ailələri, qazi və veteranlar, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edənlər 44 günlük Zəfər yürüşündən və əldə olunan parlaq qələbədən danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgəri 30 illik Vətən həsrətinə son qoyaraq, torpaqlarımızı yağı düşməndən azad etdi. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimiz əsl qəhrəmanlıq dastanına çevrildilər. Bu gün onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

Diqqətə çatdırılıb ki, məktəbdə yaradılan muzeydə 1-ci Qarabağ döyüşlərində şəhid olan Əliyev Kərəm Qədim oğlu, Paşayev Paşa İbrahim oğlu və 2-ci Qarabağ döyüşlərində şəhid olan İsmayılov Elvin Tələt oğlu, Əliyev Səbuhi Teyyub oğlu, Rəhimli Xəyal Rahil oğlu və Heydərli Ayxan İlham oğlunun xatirələri əbədiləşdirilib. Onlara məxsus fotolar, həmçinin əşyalar muzeydə nümayiş olunur.

Layihə çərçivəsində şəhidlərin xatirəsi üçün bulaq kompleksinin də inşası davam edir və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.