146
logo

“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsi üzrə əl işləri sərgisi təşkil olunub

  • Çərşənbə 16 Fevral 2022



Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində məktəblilər üçün təşkil olunan xüsusi dərnəklərdə və art terapiya kurslarında iştirak etmiş şəxsləri həvəsləndirmək və onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı ötən aylar ərzində təlim iştirakçıları tərəfindən düzəldilmiş əl işlərindən ibarət sərgi təşkil edildi. 

Sumqayıt Poeziya Evinin nümayiş zalında təşkil olunan tədbirdə xusüsi dərnəklər və kurslar zamanı dinləyicilərin hazırlandıqları 30-dan artıq əl işləri nümayiş etdirildi. Sərgini açılış sözü ilə açan layihənin rəhbəri Tünzalə Hüseynova indiyədək layihə çərçivəsində görülən işlərdən danışdı. Qonaqlara layihənin fəaliyyətini əks etdirən kiçik videoçarx nümayiş olundu. 

Çıxış edənlər arasında Qubadlı rayonunun Təhsil şöbəsinin müdiri Fuad Bədəlov və digər qonaqlar yeniyetmələrin bu cür ictimai fəaliyyətlərə cəlb edilməsinin vacibliyini, gələcəkdə onların inkişafında mühim rol oynayacağını qeyd etdilər. Sonra qonaqlar sərgi eksponatları ilə tanış oldular, bu yeniyetmələrin gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etməyin önəmini vurğuladılar.

Əl işləri sərgisində Qubadlı rayonunun müxtəlif məktəblərinin rəhbərlərin, Qubadlı İH-nin nümayəndələri, Sumqayıt şəhərinin ictimai fəalları, KİV nümayəndələri, dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. 

Tədbirdə layihə çərçivəsində xüsusi dərnəklərdə və art terapiya kurslarında iştirak etmiş uşaqlara sertifikatlar təqdim edildi.

Qeyd edək ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə mart ayında layihənin yekunu kimi “Dəyirmi masa”nın keçirilməsi planlaşdırılır.