Qrant müsabiqəsinə hazırlıqla bağlı onlayn görüş
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə hazırlıqla bağlı onlayn görüş keçirilib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
BŞTİ müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyəti barədə danışıb, bu kimi layihələrdə müəllimlərin iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.
M.Vəliyeva öz layihələri ilə müsabiqəyə qoşulmaq arzusunda olan müəllimlərə uğurlar arzulayıb.
Daha sonra iştirakçılara müsabiqə mövzuları, şərtləri, təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbuluna fevralın 15-dən başlanılıb. Layihələrin qəbulu 15 fevral - 31 mart 2022-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.