“Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi uğurla yekunlaşıb
13.03.2022 tarixində Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin “Fərdi”kateqoriya üzrə qalibi olmuş Nəvai Qənbərovun rəhbəri olduğu “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin bağlanış tədbiri təşkil olunub.
Layihənin yekun tədbirində məktəbin direktoru Adil Rzayev, layihənin rəhbəri Nəvai Qənbərov, layihənin təlimçisi Samir Vəlizadə, layihənin eksperti Samir Salayev, layihənin mühasibi Vamiq Babayev, layihə çərçivəsində təlim sessiyalarının iştirakçısı olan coğrafiya fənn müəllimləri, təhsil işçiləri, rayonun ziyalıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir layihənin “Facebook” səhifəsində canlı yayımlanıb.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Nəvai Qənbərov tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Layihə təşəbbüslərini dəstəklədiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını ifadə edib. Layihə çərçivəsində görülən işlərə dair ətraflı məlumat verdikdən sonra sözü layihənin təlimçisi Samir Vəlizadəyə verib.
Peşəkar CİS təlimçisi Samir Vəlizadə çıxış edərək layihə çərçivəsində həyata keçirilən təlimlər barədə geniş məlumat verib. Bağlanış tədbirində iştirak edən ictimaiyyət nümayəndələrinə layihənin təlim sessiyaları boyunca və sessiyaların sonunda həyata keçirilən iştirakçıların qiymətləndirilməsi imtahanı zamanı maraqlı hissələrdən ibarət videonu təqdim edib. Layihənin yüksək səviyyədə təşkilinə şərait yaratdığına görə layihənin idarə heyətinə və fəallığına görə hər bir layihə iştirakçısına təşəkkürünü bildirib.
Çıxış edən layihənin eksperti Samir Salayev layihənin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. İctimaiyyətin böyük marağını nəzərə alaraq mətbuatda layihə haqqında məlumatların çox yayılmasını müsbət hal kimi diqqətə çatdırıb və layihə çərçivəsində 6 ay boyunca icra ediən işləri ictimaiyyətə çatdırmaq üçün mütəmadi olaraq press-relizləri təqdim edib.
Tədbirdə çıxış edən Astara şəhəri C.Babayev adına 3 saylı tam orta məktəbinin direktoru Adil Rzayev layihənin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək belə layihələrin həyata keçirilməsinə cəmiyyətdə hər zaman ehtiyac duyulduğunu diqqətə çatdırıb. Layihə çərçivəsində müxtəlif məktəb müəllimlərinin iştirakı həmin məktəblərdə Coğrafiya fənninin tədrisində səmərəliliyi artıracağına səbəb olacağına əminliyini ifadə edib. Bütün iştirakçıları təbrik edib, layihənin idarə heyətinə belə məsuliyyətli işi yüksək səviyyədə idarə etdikləri üçün təşəkkürünü ifadə edib.
İştirakçılar adından çıxış edən Lənkəran rayon C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin direktoru – Coğrafiya müəllimi Araz Babayev layihənin faydalarından danışaraq qeyd edib ki, layihə çərçivəsində həyata keçirilən bütün təlimlərin videolarının layihənin “Youtube” kanalında yerləşdirilməsi CİS-i öyrənmək istəyən hər bir Coğrafiya fənn müəlliminə dəstək olacaqdır. Bu həm layihədə öyrədilən bacarıqların təkrarlanması, həm də məktəblərdə tətbiq olunması baxımında davamlılığa töhvə verəcəkdir. Belə şəraitin yaradılmasına görə Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Bu layihədən həvəslənərək “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə layihə təqdim etdiyini qeyd edib. Bütün müəllimləri VI qrant müsabiqəsinə aktiv qoşulmağa səsləyib.
Bağlanış tədbirinin sonunda layihə çərçivəsində təşkil olunan təlim sessiyalarını uğurla başa vurmuş iştirakçılara sertifikatlar və mükafatlar təqdim edilib.