VI qrant müsabiqəsinə layihələr təqdim olunur
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi üçün layihə qəbulu davam etməkdədir.
Təhsil Nazirliyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant" müsabiqəsində iştirak etmək üçün 31 mart 2022-ci il saat 00:00-dək layihə təkliflərini təqdim etməyə dəvət edir.
Bu günə qədər ölkənin bir çox şəhər və rayonlarından (Abşeron, Ağstafa, Ağsu, Astara, Bakı, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Naxçıvan, Gəncə, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Kəlbəcər, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Qax, Qazax, Qəbələ, Qobustan, Qubadlı, Şabran, Samux, Şəki, Şəmkir, Siyəzən, Sumqayıt, Ucar, Zaqatala, Zəngilan) layihələr təqdim edilib. İlkin məlumatlara əsasən ölkə üzrə ən çox layihə təklif olunan Bakı (23%) və Sumqayıt (5%) şəhərləri, Beyləqan (10%) və Ağsu (5%) rayonlarıdır.
Qeyd edək ki, layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Layihələrin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir.
Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri layihə təklifləri ilə VI qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edirik.