Qrant layihə İctima Şura tərəfindən müşahidə edilib
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qaliblərindən olan “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (EGEO və IGEO) hazırlığı – III modul” layihəsi çərçivəsində Beynəlxalq Coğrafiya Olimpiadasında (IGEO) və Avropa Coğrafiya Olimpiadasında (EGEO) işitirak edəcək komandanın ölkə üzrə seçim imtahanı keçirilmişdir. Seçim turunda ölkə üzrə 25 nəfər məktəbli mübarizəyə qoşulub. Onların içərisində təkcə layihəyə cəlb edilən şagirdlər deyil, eyni zamanda coğrafiya üzrə RFO qalibləri də var.
Müsabiqəyə paytaxtla yanaşı Tərtər, Masallı, Saatlı, Şəmkir, Şabran, Xaçmaz, İsmayıllı, Mingəçevir, Quba, Cəlilabad, Zərdab, Gəncə şəhər və rayonlarının şagirdləri də qatılmışdır.
Coğrafiya fənni üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində 2 mərhələdə 43 tapşırığa cavab veriblər. Suallar ingilis dilində beynəlxalq coğrafiya kurikulumunun, IGEO və EGEO-nun tələblərinə uyğun olaraq hazırlanmışdır.
Seçmə imtahan prosesini izləmək üçün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Şura üzvləri Pərvanə Məmmədova və Mələykə Əlizadə, Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Təhsilin inkişafı proqramları şöbəsinin əməkdaşı Rəbiyyə Müseyibzadə ilə yanaşı Fortis Academy-nin nümayəndələri də iştirak etmişdir.
Qonaqlar imtahanın gedişini yaxından izləyib, seçim turunun şəffaf və obyektiv keçirilməsindən məmnun qaldıqlarını bildiriblər və şagirdlərə uğurlar arzulayıblar.
Layihənin müəllifi Yaşar Seyidəliyev qonaqları dərslərin keçirildiyi auditoriyalarla tanış edib, seçim imtahanın təşkili və keçirilməsi qaydaları, statistik göstəricilər barədə geniş məlumat vermişdir.
Seçim turundan sonra layihə haqqında fikir mübadiləsinin aparılması üçün dəyirmi masa təşkil edilmişdir.
Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış İctimai Şuranın əsas məqsədi Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı əlaqələri gücləndirməkdir. Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində icra olunan layihələr üzrə keçirilən monitorinq də bu istiqamətdə atılan addımlardan biridir.