“Müəllimin əl kitabı: sinfin idarə olunması” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi» çərçivəsində Bakı şəhəri, 214 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən “Müəllimin əl kitabı: sinfin idarə olunması” layihəsi əsasında elektron variantda hazırlanmış eyniadlı kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə respublikanın müxtəlif regionlarından olan 200-dən artıq təhsil işçisi iştirak etdi.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Bakı şəhəri 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev layihənin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün görülən işlərdən danışdı, hesabat xarakterli məlumatlar verdi və bildirdi ki, layihə sona çatdı, lakin layihə çərçivəsində hazırlanmış eyniadlı kitab, kitabın əhatə etdiyi mövzuların videoizahları uzun illər boyu müəllimlərə peşəkar dəstək göstərməkdə davam edəcək.
Çıxışının sonunda layihə rəhbəri həmmüəllifləri belə məsuliyyətli işin öhdəsindən uğurla gəldiklərinə görə təbrik etdi, onlara minnətdarlığını bildirdi.
Həmmüəllif, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji məsələlər üzrə prorektoru, respublikanın qabaqcıl təhsil işçisi Könül Pirverdiyeva layihənin günümüz üçün əhəmiyyəti, təhsil sahəsində çalışan mütəxəssislər üçün nə qədər lazımlı olduğundan danışdı.
Layihənin ideya müəllifi, həmmüəllif, t-network təhsil platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov indiyə qədər keçirilən görüşlərdə 2000-dən artıq müəllimin iştirak etməsini önə çəkərək, müəllimlərin belə bir layihəyə nə qədər yüksək maraq göstərdiyini bildirdi. Həm əhatə dairəsi, həm də hazırladığı qalıcı məhsullar (kitab, videoizahlar) baxımdan layihənin uğurlu olduğunu söylədi. Qrant müsabiqəsini həyata keçirməklə hər bir təhsil işçisinin öz ideyalarını reallaşdırmağı üçün şərait yaratdığına görə Təhsil Nazirliyinə minnətdarlığını bildirdi.
Digər həmmüəllif, Naxçıvan Dövlət Universitetinin dosenti Rza Məmmədov hazırlanan vəsaitin böyük müəllim ordusu üçün çox faydalı olacağına inandığını bildirdi.
Layihənin rəsmi tərəfdaşı olan t-network təhsil platformasının rəhbəri, eyni zamanda kitabın həmmüəlliflərindən biri Cəfər Mənsimi kitabın, təhsilin idarə olunması sahəsində olan ədəbiyyat boşluğunu doldurmaq istiqamətində ciddi addım olduğunu bildirdi.
Görüş iştirakçıları belə bir layihəni həyata keçirdiklərinə görə layihə komandasına minnətdarlıqlarını ifadə etdilər və komandaya gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
Aşağıdakı linkə daxil olaraq kitabla ətraflı tanış ola və ya pdf formatında yükləyə bilərsiniz.
https://tnetwork.az/public/uploads/photo-32.pdf