146
logo

Əmək bazarına səriştə və bacarıqlarla

  • Cümə 13 May 2022



V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Məlumdur ki, son illərdə təhsil sahəsində həyata keçirilən bir sıra layihələrdə təhsilalanlarda qlobal dövrün çağırışlarına müvafiq zəruri  səriştə və bacarıqların stimullaşdırılması və inkişafı  mühüm aspekt təşkil edir. Əsas istiqamətlərdən biri də düzgün peşə seçimi, əmək bazarı üçün yeni texnologiyalar, mühəndislik səriştələrinə sahib mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən ənənəvi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin qalib layihələrində də bu məsələ prioritetlik təşkil edir. Elə barəsində söhbət açdığımız V Qrant müsabiqəsinin aşağıdakı  qalib  layihələrini də bu sahədəki təşəbbüslərə töhfə kimi qiymətləndirmək olar.

 

“Kəndli mühəndislər - robototexnika dərnəyi”

 

Zaqatala rayonu Dağlı kənd M.Musayev adına tam orta məktəbin coğrafiya müəllimi Nəzakət Məmmədovanın  V Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihəsi “Kəndli mühəndislər - robototexnika dərnəyi” adlanır. Layihə kənd məktəblərində şagirdlərin mühəndislik peşələrinə marağının stimullaşdırılması baxımından aktual  təşəbbüslərdən hesab oluna bilər. Bu barədə layihənin müəllifi N.Məmmədovanın maraqlı fikirləri də var:- Bu gün robototexnika, avtomatika, mühəndislik dünyanın ən aparıcı sahələrindən birinə çevrilib. Biotexnologiya, biotibbi avadanlıqlar, aerodinamika, mikrobiologiya, kənd təsərrüfatının intensiv inkişafı bunu deməyə əsas verir. Nə qədər təhsilli və ixtisaslı kadr yetişərsə, ölkə iqtisadiyyatı da bir o qədər güclənər. Yüksəkixtisaslı kadrların yetişməsi üçün uşaqlarda erkən yaşlardan təhsilə marağı artırmaq lazımdır.

 

Ənənəvi təhsildən fərqli olaraq yeni təhsil kurikulumları uşaqlarda müxtəlif bacarıqların formalaşmasına yönəlib. Tapşırıqların praktik icrası isə həm təhsilə marağı artırır, həm də bacarıqların təkmilləşməsinə gətirib çıxarır. Məhz buna görə də orta məktəblərdə bu sahələri genişləndirmənin və təkmilləşdirmənin yolu tədris kurikulumları ilə paralel olaraq dərsdənkənar elmi, yaradıcı, texniki və praktiki dərnəklərin və bu sahəyə uyğun müxtəlif yarışların keçirilməsidir. Belə yarışlardan  ilk növbədə Azərbaycan Robot Olimpiadası,  Dünya Robot Olimpiadası (WRO), First Lego League-ni (FLL) göstərmək olar. 

 

Azərbaycanda mühəndislik və robotexnika sahəsində yarışlar, demək olar ki, özəl təhsil müəssisələrinin və Bakı şəhəri ümumi təhsil müəssisələrinin payına düşür. Respublikamızın ucqar rayonlarında, kənd məktəblərində də belə yarışların təşkil edilməsinə və şagirdlərin bu tədbirlərdə iştirakına böyük zərurət var.

 

Layihə çərçivəsində təlimlərimiz online keçirildi.  Studio 2.0 proqramının köməyi ilə robotlar dizayn edildi,  onlar FOSTER proqramı ilə kodlaşdıraraq VRT (Virtual Robotics Toolkit) simulyasiya platformasında sınaqdan keçirildi.    Şagirdlərimizlə birlikdə 2 olimpiadada iştirak etmək imkanı əldə etdik. Sevinirəm ki, şagirdlərimiz Dünya Robot Olimpiadasında “Peasant Engineers” komandası (3 iştirakçı) ilə iştirak etdi.  Ötən ilin dekabrında keçirilən FLL Azərbaycan turnirində isə “Kəndli mühəndislər” komandası ilə təmsil olunduq. Turnirin “Parlayan Ulduz” nominasiyasının qalibi olduq.

 

Layihədə aktiv iştirak edən şagirdlər əldə etdikləri bilikləri aşağı sinif şagirdlərinə öyrədirlər. Hazırda şagidlərimizlə Dünya Robot Olimpiadasına hazırlaşırıq. Artıq 3 nəfər şagirdlə qeydiyyatdan keçmişik. Ümid edirəm ki, şagirdlərimiz bu turnirdə də uğur qazanacaq. Bu şansı bizə verdiyi üçün Təhsil Nazirliyinə təşəkkür edirik.

 

“Könlümü dindir - bədii qiraət müsabiqəsi”

 

Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Əliyeva  “Könlümü dindir - bədii qiraət müsabiqəsi” adlı layihəsi ilə V Qrant müsabiqəsində qalib gəlib. G.Əliyeva  layihənin məqsəd və icra gedişi barədə məlumat verir: 

 

- “Könlümü  dindir - bədii qiraət müsabiqəsi”nin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. Layihədə VII-IX siniflərdə oxuyan 100 məktəblinin seçilməsi nəzərdə tutulmuşdur. Layihənin müddəti üç ay idi və bu müddət ərzində bütün görüləcək işlər nəzərdə tutulduğu kimi Zəngilan rayonunun məktəbləri arasında həyata keçirildi. Layihənin icrasına Zəngilan rayonu üzrə 8 məktəbdən 120 şagird seçilməklə başlandı. Məktəblilər arasında seçim bədii ədəbiyyata, mütaliəyə, incəsənətə olan maraq, dünyagörüşü, ictimai- siyasi aktivlik sorğu əsasında aparıldı və həmin şagirdlərdən 50 nəfər ikinci mərhələyə keçdi. Seçilən şagirdlərə  məktəb kitabxanalarından yaşlarına uyğun bədii ədəbiyyat nümunələri verildi və iki həftə müddətində onlar oxuduqları əsərlər haqqında inşa yazıb, rəsm qabliyyəti olanlar isə əsərin məzmununa uyğun rəsmlər təqdim ediblər.  Şagirdlər arasından  25 nəfər və 5 məktəb üçüncü mərhələyə keçdi. Layihənin sonuna kimi məqsədinə müvafiq olaraq məktəbliləri incəsənətə, sosial-mədəni sahələrə, ədəbiyyata, mütaliə etməyə həvəsləndirmək, öz istedadlarını kəşf edə biləcəkləri yaradıcı, sosial və mədəni mühit yaratmaqla onlarda səhnə mədəniyyəti, nitq və fikir düzgün ifadəetmə bacarıqlarını inkişaf etdirmək kimi işlər həyata keçirildi. Seçim turu bitdikdən sonra artıq layihədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün şagirdlərə təlimlər və ustad dərslər keçirilməyə başlandı.

 

İlk olaraq Dövlət Sirkinin aktyoru Vaqif  İbrahim  şagirdlərə “Səhnə mədəniyyəti” üzrə ustad dərsi keçdi. Aktyorla yanaşı bir neçə şagird oxuduqları əsərlərdən “Səhnənin qəhrəmanı bizik” adlı kiçik səhnəciklər təqdim etdilər. Şagirdlərin nitqlərinin səlist və aydın şəkildə olması üçün “Nitq mədəniyyəti” adlı təlim keçirildi.Təlimi təhsil eksperti və Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi Tofiq Sadıxov keçdi. O, şagirdlərin nitq söyləyərkən sərbəst olmaları üçün rollu oyunlar keçirib onlara sözlər təqdim edirdi ki, fikirlərini daha sərbəst ifadə edə bilsinlər.

 

Növbəti günlərdə Dövlət İmtahan Mərkəzində mətnləri,  “Ovqat”  bədii-publisistik verilişdə isə şeirləri səsləndirən Anar Adil şagirdlərə qiraət zamanı emosiyaların, jest və mimikaların idarə edilməsi mövzusunda  “Könüldən oxu!” adlı ustad  dərs keçdi. Şagirdlər vətənpərvərlik mövzusunda olan bir neçə şeiri məşq etdilər. Sonda Dövlət Pantomim Teatrının aktyoru, Əməkdar artist Elman Rəfiyevin “İncəsənətə malikəm” adlı keçdiyi ustad dərsdə şagirdlərə 20 dəqiqə vaxt verildi, onlar “Səhnənin qəhrəmanı bizik” başlığı altında öz istedadlarını nümayiş etdirdilər. 

 

Qeyd edim ki, layihənin icrası məktəblilərdə yaradıcı mühitdə ədəbiyyata, incəsənətə maraq yaratmaqla öz istedad və bacarıqlarını kəşf və  inkişaf etdirməyə  əlverişli şərait yaradır.  Bu da onların bədii-estetik zövqünün inkişafına xidmət edir. Ümumiyyətlə, məktəblilər yaradıcı düşüncə, emosiya və intellektin bir- biri ilə qarşılıqlı əlaqəsini mütaliə edib, bədii obrazları yaşayaraq hiss edə biləcəklər.

 

“Gənc sahibkarlar - riyaziyyatçı şagirdlərin yay düşərgəsi”

 

V Qrant müsabiqəsinin nəticələrinə əsasən, Masazır kənd 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Günay Abdullayevanın “Gənc sahibkarlar - riyaziyyatçı şagirdlərin yay düşərgəsi” layihəsi fərdi kateqoriyada qalib olub. G.Abdullayevanın sözlərinə görə, layihənin məqsədi  şagirdlərin riyaziyyat fənninə olan marağını artırmaq, asudə vaxtını maraqlı təşkil etmək və onları sahibkarlıq haqqında maarifləndirməkdir.

 

- Bütün bunları nəzərə alaraq, dərs dediyim siniflərin riyaziyyat biliciləri üçün yay düşərgəsi təşkil etməyi qərara aldım. Siniflərimdə gələcəkdə biznesmen olmaq istəyənlər çox idi. Onların bu marağına əsaslanaraq  V Qrant müsabiqəsinə “Gələcəyin sahibkarları” adlı layihə təklifi irəli sürdum. 7-8-ci sinif şagirdləri üçün nəzərdə tutulan yay düşərgəsində şagirdlərə biznesin əsas məqamları, büdcə idarəçiliyi, marketinq və təqdimat bacarıqları barədə maarifləndirmə işləri aparıldı. 

 

Layihənin ötən ilin sentyabr - dekabr aylarında keçirilən üçgünlük düşərgəsi Quba rayonunun Qələdüz kəndində yerləşən “Quba” təlim mərkəzində təşkil olundu. Düşərgədə şagirdlərə “Özünü ifadə bacarıqları”, “Komanda işi”,  “Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması”, “Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məqsədi”, “Sahibkarlıq fəaliyyətinin subyektləri”, “Sahibkarın və alıcıların qərarlarına təsir göstərən amillər”, “Kiçik biznesin qurulması” mövzularında tematik və praktik təlimlər keçirildi.

 

Ümumiyyətlə, hesab edirəm ki, uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, stres və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunmaları baxımından tətil çox yaxşı imkandır. Uşaqların hərtərəfli, ahəngdar inkişafı onların daxili hisslərindən, əhvali-ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır. Tətil günləri bu cür müsbət hisslərlə, əhvali-ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq.

 

“Əmək bazarı və mən” şagirdlərin peşə seçimi

 

Balakən şəhər Nizami adına 1 nömrəli  tam orta məktəbin tarix müəllimi Altay Məmmədovun V Qrant müsabiqəsinə təqdim etdiyi “Əmək bazarı və mən” şagirdlərin peşə seçimi layihəsi təhsilalanların əmək bazarına hazırlanması kimi diqqətçəkici və son illərdə xüsusi önəm kəsb edən məsələyə həsr olunub. Məlumdur ki, peşə hər bir  insanın gələcəyini müəyyən və təmin edən əsas faktordur. Ona görə də hər kəs peşə seçərkən düzgün qərar verməlidir. Qalib layihənin müəllifi bu barədə özü məlumat verir:

 

- Düzgün peşə seçimi etmək cəmiyyətin üzvü olaraq hər bir kəs üçün əsas problemdir. Peşə seçimi fərdlərin problemi olduğu kimi, həm də ölkənin iqtisadi və sosial həyatına təsir edən əsas məsələlərdən biridir.  Belə ki, düzgün peşə, ixtisas seçimi etməmək, gələcəkdə lazım olacaq peşələrə yiyələnməmək həm də ölkədə işsizliyin artmasına səbəb olur və əmək bazarında arzusu ilə peşəsi üst-üstə düşməyən kadrların sayı çoxalır. Bunları nəzərə alaraq  şagirdlərə əmək bazarını təhlil etmək, gələcəyin peşələrini araşdırmaq və ağıllı peşə seçimi etməyin yollarını düşündürməyi qarşısına məqsəd qoyan layihəni yazmağa qərar verdim.

 

Layihəm qrant müsabiqəsində qalib elan olundu və artıq icrasına başlanıldı. Layihə çərçivəsində şagirdlər arasında sorğular keçirməklə peşə seçimi etməkdə çətinlik çəkən məktəbliləri müəyyənləşdirdik və onlar təlimlərə cəlb olundu.  “Özünü kəşf et”,  “Əmək bazarının təhlili və gələcəyin peşələri”, “Məqsədlərin düzgün müəyyənləşdirilməsi”,  “Tənqidi təfəkkürün formalaşdırılması”  və s. mövzularda  təlimlər şagirdlərə bu istiqamətdə maarifləndirmə və köməkçi  alətlərin tapılmasına dəstək olmuşdur.

 

Layihə müddəti ərzində valideynlərlə də sıx əlaqə saxlanılmış, peşə seçimi ilə bağlı bir sıra məsələlər, çətinliklər müzakirə olunmuşdur.

 

Oruc MUSTAFAYEV

"Azərbaycan müəllimi" qəzeti