146
logo

“Həmkardan həmkara dəstək” layihəsi davam etdirilir

  • Cümə 3 İyun 2022



Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin “Həmkardan həmkara dəstək” layihəsi davam etdirilir.

Ötən ilin sentyabrından başlayan və üç aylıq müddəti əhatə edən layihə Ucar rayon ümumtəhsil məktəblərinin (42 məktəb 180 nəfər) metodbirləşmə rəhbərləri və gənc müəllimləri arasında icra olunub. COVID -19 pandemiyası səbəbindən müəllimlərlə təlimlər online keçirilib.

Layihə çərçivəsində Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Metodbirləşmənin iş jurnalı”, təlim vəsaiti və disk nəşr edilib.

Layihənin məqsədi məktəblərdə metodiki işi gücləndirmək, bunun üçün  ixtisasını yaxşı bilən müəllimlərin köməyindən, təcrübəsindən istifadə etməkdir.

Layihənin davamlılığının təmin olunması məqsədilə layihə rəhbəri Səidə Quliyeva Ucar rayon 4 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin metodbirləşmə rəhbərləri və gənc müəllimləri ilə görüş keçirib. Görüşdə bildirilib ki, hər bir müəllimin ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı potensialının inkişafı və onun yüksədilməsi qarşılıqlı tədbirlər sistemidir. Pedoqogika elminin nailiyyətləri və pedaqoji prosesdə yaranan qabaqcıl pedaqoji təcrübələrin təhlili metodik işin əsasını təşkil edir. Qeyd olunub ki, bu gün təhsilin idarə olunmasında elmi pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması, təhsildəki bütün fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir. Həmçinin məktəblərin intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi onun yeni təhsil texnologiyaları əsasında qurulmasını  və inkişaf etdirilməsini, mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yenilənməsinə ehtiyac olduğunu aydın göstərir.

Görüşdə bildirilib ki, bu baxımdan həm ixtisasını yaxşı bilən müəllimlərin köməyindən, təcrübəsindən istifadə ediləcək, həm də gənc müəllimlərin fəaliyyəti dəstəklənəcək.