146
logo

Gələcəyi düşünərkən

  • Bazar ertəsi 20 İyun 2022



V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Başa vurmaqda olduğumuz tədris ilində  ölkəmizin təhsil sistemində həyata keçirilən islahat və təşəbbüsləri qiymətləndirərkən pedaqoji müəssisə  və müəllimlərimizin bir sıra yenilikçi layihələri də qeyd olunmalıdır. Təhsil sahəsində mütərəqqi dəyişikliklərin davamı olaraq bu layihələr gələcəyi düşünərkən  təhsilalanların yeni dövrün çağırışlarına adekvat cavab verməsi, şagirdlərimizdə yeni əsrin səriştə və bacarıqlarına yiyələnməsi baxımından aktuallığı ilə seçilir. Cari tədris ilində keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib layihələri də aktuallıq kəsb etməklə diqqət çəkir.

 

“Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar konfransının keçirilməsi”

 

Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi  V Qrant müsabiqəsində “Ümumitəhsil” kateqoriyasında “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar konfransının keçirilməsi” layihəsi ilə qalib gəlib. Məktəbin direktoru Nasim Abışov qeyd edir ki, layihənin məqsədi istedadlı şagirdlərimizin diqqətini dahi Nizaminin ölməz əsərlərini dərindən öyrənərək, onun mütərəqqi elmi fikirlərini araşdıraraq tədqiqat aparmağa yönəltməkdir.

 

- Layihəmiz üçün feysbuk sosial şəbəkəsində səhifə yaradıldı. Konfransda iştirak üçün respublikamızın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dəvət olundu. Şagirdlərin onlayn qeydiyyatdan keçməsi üçün onlayn portal yaradıldı və ümumilkdə respublikanın 30-a yaxın şəhər və rayonlarından 400-dən çox şagird qeydiyyatdan keçdi. Layihəmizdə fəaliyyət göstərmək üçün 1 nəfər təlimçi və 4 nəfər ekspert seçildi. Mütəmadi olaraq layihəmizin məqsədi, vəzifələri və görüləcək işlər barəsində sosial şəbəkədə məlumatlar paylaşıldı. 

 

Qeydiyyatdan keçmiş şagirdlər və onların müəllimləri ilə təlimçi və ekspertlərin feysbuk sosial şəbəkəsi üzərindən təşkil olunan onlayn görüşlərdə dahi Nizami Gəncəvinin əsərlərində müxtəlif elm sahələrinə aid materiallar, məqalənin necə yazılması, məqaləyə verilən texniki və elmi tələblər, qiymətləndirmə meyarları haqqında geniş məlumatlar verildi, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

Şagirdlərin hazırladıqları məqalələr elektron poçt vasitəsilə qəbul olundu, ekspertlər tərəfindən həmin məqalələr müxtəlif parametrlər üzrə qiymətləndirildi və 40 şagirdin məqaləsi yekun tura buraxıldı. Məqalələr slaydlar vasitəsilə təqdim olundu. Sonda 14 şagird  I,  17 şagird II və 9 şagird III yerə layiq görüldülər. Pandemiya şəraitini nəzərə alaraq, qalib gəlmiş şagirdlərə müxtəlif vaxtlarda müvafiq diplomlar və hədiyyələr təqdim olundu. Layihənin sonunda fəaliyyətimizi qiymətləndirmək məqsədilə valideyn, şagird və müəllimlərlə onlayn sorğular keçirildi.

 

Layihə respublikanın bir sıra məktəbləri tərəfindən maraqla qarşılandı. Layihə nəticəsində seçilmiş istedadlı şagirdlər arasında sağlam rəqabət və dostluq əlaqələri yarandı. Layihə şagirdlərdə tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirdi. Bu şagirdlərin gələcəkdə Respublika səviyyəsində keçiriləcək müxtəlif fənn müsabiqələrində, yarış və olimpiadalarda uğurla çıxış edəcəyinə inanırıq.  Şagirdlər, müəllimlər və valideynlər arasında aparılmış şifahi və onlayn sorğulara əsasən deyə bilərik ki, şagirdləri layihədə iştirak edən məktəblər arasında əlaqələr genişləndi və bu əlaqələr onların gələcəkdə birgə yarışlar, müsabiqələr, tədbirlər keçirməsinə səbəb olacaq. Valideynlər öz övladlarının təlim-tərbiyəsi ilə daha yaxından maraqlandılar, onların məktəbə və övladlarına olan inam hissi artdı.

 

Şagirdlərdə özlərinə inam hissi daha da gücləndi, yazılı və şifahi nitq qabiliyyətlərinin inkişafına səbəb oldu, olimpiada, müsabiqə və yarışlarda iştirak etmələri üçün motivasiya yarandı. Müəllimlərin öz fənləri üzrə yaxın məktəblərdə tədris aparan digər müəllimlərlə əməkdaşlığı genişləndi. Müəllimlər gələcəkdə belə layihələrdə qalib olmaları üçün öz işlərinə daha ciddi yanaşacaqlar.

 

Fikrimizcə, layihəmiz məktəb və liseylərdə dahi Nizami Gəncəvi irsinin dərindən öyrənilməsi prosesində müsbət bir addım oldu və şagirdlərimizin təqdim etdiyi ən məzmunlu elmi-təqdiqat işləri ilə tanış olduq.

 

“Məktəb həyatından həyat məktəbinə”

 

Göygöl rayonu Çaylı kənd İ.Mahmudov adına tam orta məktəbin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Musa Ziyadzadənin “Məktəb həyatından həyat məktəbinə” layihəsi də V Qrant müsabiqəsində qalib gəlib.  Layihənin məqsədi Göygöl şəhər məktəblərinin seçilmiş şagirdləri üçün ölkənin sosial-iqtisadi inkişaf tempinin tələblərinə müvafiq peşə seçimi etmək və bu zaman hansı amillərin nəzərə alınmasını təhlil etmək, həmçinin gələcək həyat yolunu müəyyənləşdirməyi, bacarıq və qabiliyyətlərini qiymətləndirməyi formalaşdırmaqdır.

 

Musa Ziyadzadə: - Peşə, sənət, ixtisas seçmək hər bir şagirdin məktəb həyatından həyat məktəbinə getdiyi yolun başlanğıcıdır. Gələcək həyatı, quracaq karyerası bu seçimdən çox asılıdır. Sürətli inkişaf və yeniliklərlə əlaqədar olaraq əmək bazarının tələbi və tələbatı da dəyişir, yeniləşir. Sürətlə dəyişən dünyamızda düşünmək, öyrənmək, işləmək və könül rahatlığı ilə yaşamaq üçün şagirdlərdən doğru seçim, düzgün qərar qəbul etməsi, öz potensialını aşkarlaması, özünün bilik, bacarıqlarına uyğun peşə, sənət, ixtisas seçə bilməsi bu günün ən aktual məsələlərindən biridir. Bu səbəbdən də ümumtəhsil sistemində peşə hazırlığına prioritet məsələlərdən biri kimi üstünlük verilir. Bu baxımdan şagirdlər üçün peşə biliklərinin artırılmasına yönəlmiş təlimlərin keçirilməsi olduqca vacibdir.

 

Layihə çərçivəsində Göygöl şəhər ümumtəhsil  məktəblərindən təlimlərə ümumilikdə 70 nəfər şagird cəlb olunmuşdur. Şagirdlər üçün peşəyönümlü və bacarıqların qiymətləndirilməsi üzrə psixoloji test imtahanı keçirildi. Sonrakı mərhələdə seçilmiş şagirdlərin valideynləri ilə görüşərək “Valideynlərin öz övladlarının peşə təhsilində rolu” mövzusunda təlim keçib övladlarının psixoloji test imtahanının nəticələri müzakirə olundu.

 

Peşələr dünyasına səyahət, peşə və ixtisas tələbləri, əmək bazarının tələbləri, peşə seçiminin modelləri, peşəyönümlü bacarıqların qiymətləndirilməsi mövzularına aid təlimlər keçirildi. Təlimlərdə şagirdlər peşələr və ixtisaslar haqqında ətraflı məlumatlandırıldı. Yaxşı bilik əldə etmək, hədəfi düzgün müəyyənləşdirmək və bu istiqamətdə inamla irəliləməyi, peşə və ixtisas yolununun mahiyyətini düzgün dərk etməyi, seçimini dəqiq təyin etməyi, “Kim olmalı?”, “Hansı peşə və ixtisası seçməli?”, “Gələcək karyeranı necə qurmalı?” suallarına cavab tapmağı öyrəndilər. Psixoloji testlərlə şəxsi keyfiyyətlərinin nələrdən ibarət olduğunu və peşə baxımından hansı mühüm keyfiyyətlərə malik olduqlarını aydın görə bildilər.   Peşələr dünyasına səyahət edərək məlumatlılığı və maarifləndirməni təmin etmək məqsədilə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə, Dövlət İmtahan Mərkəzinin Regional bölməsinə, Universitet və Gənclər Evinə şagirdlərin səfəri təşkil olundu. Beləliklə, şagirdlər tədqiq etməyi, şəxsi maraqlarına uyğun ola biləcək peşə, ixtisas və iş haqqında məlumat toplamağın yollarını öyrəndilər. Gələcəkdə seçdikləri  sahədə əməyin məzmununun nələrdən ibarət olacağı, təhsil aldıqdan sonra hansı sahələrdə işləyə biləcəkləri, nə işlər görəcəkləri haqqında geniş təsəvvürə malik oldular. Sonda şagirdlərin fikir və düşüncələri haqqında sorğu, yəni təlimlərin qiymətləndirilməsi aparıldı, fəal şagirdlərə sertifikatlar təqdim edildi.

 

 

“Kimya fənni üzrə Kəlbəcər məktəblərində ekskursiyaların təşkili”

 

V Qrant müsabiqəsinin qalib layihələrindən biri də Kəlbəcər rayon 23 nömrəli  tam orta məktəbin kimya müəllimi Mətanət Babayevanın müəllifi olduğu “Kimya fənni üzrə Kəlbəcər məktəblərində ekskursiyaların təşkili”  layihəsidir. M.Babayeva layihəsi barədə fikirlərini bölüşür:

 

- Layihənin məqsədi şagirdlərin idrak qabiliyyətini səmərəli idarə edə bilmək və məktəbə gətirilməsi mümkün olmayan obyektlərlə tanış olmaqdır. Layihədə iştirak etmək üçün konüllü olaraq şagirdlər seçildi.  Onlarla ilk tanışlıq oldu və Sumqayıt şəhərində yerləşən zavodlar və bu müəssisələrin istehsal sahələri haqqında məlumat verildi.

 

Bakıda yerləşən Kəlbəcər məktəblərindən 8-i bu layihədə iştirak etdi. Əsasən yuxarı sinif şagirdləri (9-10-11) bu layihədə keçdikləri movzular haqqında biliklərini daha da möhkəmləndirmək üçün Sumqayıt şəhərində yerləşən zavodlara ekskursiya ( 20 şagird) etdilər. İlk ekskursiya Polimer Məmulatları Zavoduna oldu. Burada şagirdlər məişətdə istifadə olunan sənaye boruları, polimerlərlə daha yaxından tanış oldular. İkinci olaraq is Texniki Qazlar Zavoduna ekskursiya olundu.  Qeyd edək ki, bu zavod dünyada və ölkəmizdə yayılan COVID-19 virusu zamanı oksigenə olan təlabatı ödəmək istiqamətində fəaliyyətini genişləndirirdi. Şagirdlər müəssisədə oksigenin balonlara doldurulub özəl və dövlət tibb müəssisələrinə necə paylanılması ilə yaxından tanış oldular. Ekskursiya bitdikdən sonra bağlanış tədbiri keçirildi. Tədbirdə təhsil nümayəndələri, direktorlar, müəllimlər, təlimçilər, ekspertlər, şagirdlər iştirak etdi. Sagirdlər ekskursiya barədə öz fikirlərini bölüşdülər. Sonda isə şagirdlərə sertifikatlar təqdim olundu.

 

 





 

“Sabaha bu gündən başla”

 

Gəncə şəhər fizika-riyaziyyat-informatika təmayüllü 26 nömrəli  məktəb-lisey kompleksinin ingilis dili müəllimi Nəzirə Qəmbərova V Qrant müsabiqəsində “Sabaha bu gündən başla” layihəsi  ilə iştirak edib və qalib gəlib. Üç ay müddətində  adıçəkilən məktəb-lisey kompleksində həyata keçirilən layihəyə VII vəVIII siniflərdən 20 şagird cəlb olunub. Təlim həftədə 3 dəfə 90 dəqiqə ərzində keçirilib. N.Qəmbərova layihəsinin icrası və əhəmiyyəti barədə danışır:

 

- Layihəmiz “Təhsil gələcəyin pasportudur, sabah isə ona bu gündən başlayanlar üçündür”  devizi altında reallaşıb. Bu gün şagirdlər onlara tədris olunan dərsləri bacardıqları qədər yadda saxlamağa çalışırlar ki, sonralar onlara təqdim olunan testləri daha uğurla yerinə yetirə bilsinlər. Bəs bu, şagird üçün kifayət edirmi? Məsələn, ingilis dili fənninin inkişafında XXI əsrin bacarıqları, layihə, oyun, problem əsaslı öyrənmə, müstəqil öyrənmə və s. vacib rol oynayır.  XXl əsr təlim metodları şagirdlərin həm məktəbdə təhsil alarkən, həm də məzun olduqdan sonra həyatlarına təsir edir, onlar öz həyatlarını qura bilirlər. Yeni tədris metodlarından bəhrələnən şagirdlərin məntiqi düşüncələri, əməkdaşlıq etmək qabiliyyətləri və ünsiyyət qurmaq bacarıqları təkmilləşir. Layihə əsaslı təlimdə şagird layihəyə fokuslanır, müəllim isə ona biliyinin daha da dərinləşməsi üçün cığırlar açır və gələcəkdə ehtiyacı olacaq bacarıqların təməlini bu gündən qoyur. Bu məsələyə başqa cür yanaşsaq, bir müəllimin şagirdlərinə testləri yaxşı yerinə yetirmələri üçün əlindən gələni etdiyini düşünə bilərik. Qiymətləndirmə zamanı şagirdlər  sualları uğurla cavablandırırlar, lakin imtahandan sonra əzbərlədiklərini unudurlar. Deməli, bu metod işə yaramır. Əgər müəllim XXI əsr təlim metodundan istifadə etsəydi, dərsi müəllim yönümlü deyil, şagird yönümlü təşkil etsəydi, tədrisi müzakirə əsasında qursaydı, şagirdlər dərsdə fəallıq göstərər, müzakirələrdə iştirak edərək mövzunun məğzini daha yaxşı  mənimsəyərdilər və bu dərsi heç vaxt unutmazdılar.

 

Beləliklə, layihə, oyun, problem əsaslı təlimin köməyi ilə müəllim şagirdin hansı yaradıcılığa malik olduğunu aşkarlayır və öhdəsindən gələ biləcəyi sualları təqdim edərək onu da fəal bir fərdə çevirir, artıq bu şagird də əməkdaşlıq qurmağı bacarır. Bu təlim metodu vasitəsilə şagirdlər dünyanın digər yerlərindən olan şagirdlərlə də eyni mövzuda əməkdaşlıq edərək öz bilik və bacarıqlarını inkişaf etdirə bilirlər. Məsələn, qlobal istiləşmə, ekoturizmin inkişafı, pis vərdişlərdən uzaqlaşmaq, sağlamlığın qorunması və s.

 

Dərslərin layihə əsaslı təlim metodu ilə qurulması şagirdləri daim fəal olmağa, axtarışlar aparmağa, fikirlərini müstəqil ifadə, əməkdaşlıq etməyə köməklik edir. Şagirdlər  onlara verilmiş  tapşırığı yerinə yetirmək üçün əvvəlcədən araşdırmalar apararaq təqdimata hazırlaşırlar.

 

Koronavirusun vurduğu zərərləri göz önünə gətirərək şagirdlərin əməkdaşlıq etmək, yaradıcılıq bacarıqlarını göstərmək sahəsində geri qaldıqlarını daim müşahidə etdik. İndi vəzifəmiz budur ki, yaxın zamanda təhsildə yaranmış bu boşluqları aradan qaldıraq, passiv şagirdləri aktiv şagirdlərə çevirək. Əməkdaşlıq əsasında qurulan bu təlim metodu şagirdlərin gələcəkdə müstəqil bir fərdə çevrilməsində mühüm rol oynayacaq. Layihə əsaslı təlim şagirdi gələcəkdə hansı peşəni seçməsinə də hazırlayır.

 

Layihənin üstünlüyündən biri də təlimin ingilis dilində həyata keçirilməsi idi. Bu, o deməkdir ki, şagird fikrini ingiliscə ifadə etməklə axtarışları ingilis dilində aparacaq, bu dildən yararlanmaqla şifahi və yazılı dil bacarıqlarını  mükəmməlləşdirəcək. Şagirdlər qrammatik biliklərini də, lüğət ehtiyatlarını da layihə boyu verilən tapşırıqlar əsasında dərinləşdiriblər.  Onlar Gəncədəki  Amerika Mərkəzinə də gedərək araşdırma aparmaq imkanı qazanıblar. 

 

Layihənin məqsədi XXl  əsrin təlim metodlarından yararlanmaqla ingilis dilinin tədrisini təkmilləşdirmək, xarici ölkələrdəki ingilis dili müəllimləri və şagirdlərlə əməkdaşlıq etməkdir. Şagirdlər bu layihə müddətində ölkə xaricində olan digər həmyaşıdları ilə eyni mövzular ətrafında ingilis dilində müzakirələr apararaq biliklərini paylaşıb, öz təlimçilərindən başqa onlayn şəkildə xarici ölkə müəllimlərinin biliklərindən faydalanıblar. Bununla isə şagirdlər məntiqi təfəkkürü inkişaf etdirib, komandalarla işləyib verilən tapşırığın həllini tapıb, qruplar qarşılıqlı olaraq hazırlanmış layihələrə rəy bildirməyi və daim ingilis dilində ünsiyyət qurmağı bacarıblar.

 

Layihə dövründə şagirdlər həm ənənəvi formada dərsə cəlb olunub, həm də onlayn şəkildə Ms Teams və ya Zoom platformasından yararlanmaqla ölkə xaricində olan müəllim və şagirdlərlə əməkdaşlıq edərək yeni bilik və bacarıqlara yiyələniblər. Şagirdlər slaydlar, videoçarxlar hazırlayıb, internet resurslardan istifadə ediblər, verilən tapşırıqları daim müasir dövrlə əlaqələndiriblər. 

 

Oruc MUSTAFAYEV

"Azərbaycan müəllimi" qəzeti