Hər kəsin öz bloqu olacaq
25.09.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra edilən “Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma müsabiqələrinin keçirilməsi” layihənin təqdimatı baş tutub.
Fərdi kateqoriya üzrə qalib olan bu layihənin müəllifi Hacıqabul rayon V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Şirinova Saradır.
Onlayn formatda təşkil olunan açılışda tanınmış uşaq yazarı, pedaqoq, filologiya elmləri doktoru Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi, şair, esseist Səlim Babullaoğlu, Kəlbəcər rayon 74 nömrəli məktəbin direktoru Elməddin Nicat, eləcə də Hacıqabul rayonu təhsil müəssisələrinin direktorları, müəllimlər, layihənin təlimçisi Həbib Əlizadə və ədəbi yaradıcılığa meylli istedadlı şagirdlər iştirak etmişlər.
Layihə haqqında məlumat verən Sara Şirinova bu ideyanın unikallığını vurğulayaraq Hacıqabul təhsili üçün önəmini qeyd edib.
Belə ki, rayonun 5-9-cu sinif şagirdlərindən ədəbi yaradıcılığa meylli, hekayə, esse, şeir yazma qabiliyyəti olan şagirdlər seçilərək onlarla ustad dərsləri, yaradıcılıq görüşləri, düzgün mütaliə və yazı vərdişləri aşılanacaq.
Eyni zamanda bloqyaratma təlimləri təşkil olunacaq, şagirdlər bloqlarında öz yaradıcılıq nümunələrini yayımlayıb, ictimaiyyətə təqdim edəcəklər.
İstedadlı şagirdlərin düzgün istiqamətlənməsi, eyni zamanda internet resurslarından səmərəli istifadə, cəmiyyət üçün xeyirli vətəndaşlar yetişdirmək layihədən gözləninlən nəticələr olduğunu vurğulayan müəllif öz çıxşını yekunlaşdıraraq sözü qonaqlara vermişdir.
Uşaq yazarı Zahid Xəlil bu ideyanın reallaşmasını cəmiyyət üçün xeyirli olduğunu vurğulayıb, şagirdlərə və layihə rəhbərinə öz fikirlərini çatdırıb.
Dünya ədəbiyyatının bilicisi, ədəbi cameəsində öz dəsti-xətti olan Səlim Babullaoğlu da layihə rəhbərinə və iştirakçılara uğur arzulayıb.
Daha sonra Elməddin Nicat layihə heyətini təbrik edib, istedadlı şagirdlərin bu layihədən səmərəli nəticə əldə edəcəyini vurğulayıb.
Təlimçisi Həbib Əlizadə təlimlərin keçirilmə qaydası haqqında geniş məlumat verib. Həbib Əlizadə daha sonra çıxışında şagirdlərin www.blogger.com, www.wix.com, www.adalo.com platformalarında bloqlar yaradacaqlarını qeyd edib.
Layihənin sonunda şagirdlərə sertifikatların verilməsi nəzərdə tutulub.