146
logo

"İncəsənət özünü inkişaf vasitəsi kimi" layihəsinin açılış tədbirindən

  • Cümə axşamı 20 Oktyabr 2022



Oktyabrın 18-də Qusar rayonu İmamqulukənd orta məktəbində "İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsinin açılış mərasimi keçirilib. 

Açılış tədbirini giriş sözü ilə açan İmamqulukənd məktəbinin direktoru Səmayə Tağıyeva məktəblilər üçün davamlı olaraq yeni öyrənmə imkanlarının yaradılmasının vacibliyini qeyd edərək layihəyə məktəb rəhbərliyi tərəfindən dəstək göstəriləcəyini qeyd edib. Həmçinin layihənin 18 oktyabr Müstəqilliyin bərpası günündə olmasının xüsusi rəmzi xarakter daşıdğını bildirib.

Quba-Xaçmaz Regional Təhsil Şöbəsinin əməkdaşları Aytən Əlimərdanova, Röyalə Nəsirova və Qusar Rayon Təhsil Sektorunun nümayəndələri Samir Hümmətov və Nəzirə Ağalarova bu layihələrin kənd məktəblilərinin inkişafında yeni imkanlar yaradacağına, onların gələcəyin peşələrini seçməkdə və əmək bazarında rəqabətliliyə hazır olacaqlarına əminliklərini bildiriblər. 

Layihə rəhbəri Suqra Cəfərova kənd məktəblilərinin qoşulacağı bu layihənin rayon gənclərini daha da motivasiya edəcəyini vurğulayıb.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilərin düzgün ixtisas seçiminə hazırlamaq, onların daha uğurlu karyera imkanlarına malik olması baxımından incəsənət alətlərindən və qeyri-formal təhsil metodları vasitəsilə yumşaq  bacarıqlarının artırılması və bacarıqların praktikada tətbiqindən ibarətdir. 

Layihə zamanı 8 və 9-cu siniflərdən olan 25 nəfər şagird karyera seçimi ilə bağlı seminarlar, ustad dərsləri və sosial layihələrin idarəolunmasına dair təlimlərə cəlb olunacaq.