Şagirdləri uğura aparacaq metodlar – “Oyun terapiyas”ının inanılmaz faydaları
Noyabrın 11-də Bakı şəhəri 85 nömrəli məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqədə qalib olan "Oyun terapiyası" adlı layihənin açılışı və valideynlər üçün nəzərdə tutulmuş ilk təlimi keçirilib.
Adıçəkilən məktəbin müəllimi Aygün Mədətova müəllifi olduğu layihənin vaciblik və faydaları barəsində bunları deyib:
“Oyun uşaqlar üçün təbii bir prosesdir və uşaq deyildiyində ağıla ilk gələn oyun olur. Oyun uşağın özünü ifadə etmək üçün istifadə etdiyi simvolik bir dildir.
Oyun və oyuncaqlar vasitəsilə uşaqların ehtiyaclarını ifadə etmələrinə kömək edən xüsusi fəaliyyətə oyun terapiyası deyilir. Oyun terapiyası zamanı emosional problemlərini ifadə etmələri üçün uşaqlara müxtəlif oyuncaqlar təqdim edilir. Bu zaman uşaqların oyuna və oyuncaqlara münasibətinə əsasən psixoloq uşağı narahat edən problemləri aşkara çıxarır”.
Açılış mərasimində "Oyun terapiyası"
layihəsinin faydalılığını əks etdirən çıxışlar səsləndirilib. Bəzi nümunələr əyani
şəkildə şagirdlərin diqqətinə çatdırılıb.