146
logo

“EduSimbioz – Təhsil üçün öyrən və öyrət” layihəsi icra olunmağa başlayıb

  • Cümə 25 Noyabr 2022



Noyabrın 24-də Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəb və ADPU-nun Strateji İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “EduSimbioz - Təhsil üçün öyrən və öyrət” layihəsinin açılış tədbiri keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibidir. 

Tədbirdə açılış nitqi ilə çıxış edən 82 nömrəli tam orta məktəbin direktoru Leyla xanım Fətiyeva qonaqları salamlayaraq, məktəbin ümumi təlim nəticələri, ümumtəhsil məktəblərinin reytinqdə yeri barədə təqdimatla çıxış edib, layihənin fəaliyyətində uğurlar arzulayıb. 

Daha sonra çıxış edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva layihənin əhəmiyyətindən danışaraq, pademiyanın təhsildə yaratdığı öyrənmə boşluqlarına toxunub. UNİCEF-in 2020-ci ildə dərc etdiyi “Hər uşaq öyrənir” hesabatına istinadən təhsildəki yeni çağırışlara diqqət çəkən Könül xanım bu mənada layihənin icrasının vacibliyinin həm yerli, həm də beynəlxalq konteksdə zəruriliyini qeyd edib. Layihən barədə geniş təqdimatla çıxış edən Könül xanım qeyd etdi ki, layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 10 ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır. 

Qeyd edək ki, layihədə iştirak etmək üçün tələbə-mentorların seçimi müsahibə yolu ilə aparılıb. Müsahibədə iştirak edən 82 tələbədən 31-i “Azərbaycan dili və ədəbiyyatı”, 51-i “Riyaziyyat müəllimliyi” ixtisasında təhsil alan tələbələr olub. Yekunda 52 tələbə (26- Azərbaycan dili və ədəbiyyatı, 26- Riyaziyyat müəllimliyi) layihədə mentor kimi fəaliyyət göstərmək üçün seçilib. Seçilən tələbələrdən 17-si SABAH bakalavr, 3-ü SABAH magistr, 33-ü ADPU əsas tədris binasında təhsil alan bakalavr tələbələridir.

Ardınca çıxış edən  308 nömrəli tam orta məktəbin psixoloqu Sevinc İsmayılova çıxış edərək layihə çərçivəsində şagirdlərə göstəriləcək psixoloji xidmətin istiqaməti barədə məlumat verib. 

Sonda çıxış edən ADPU SABAH qruplarının 3-cü kurs tələbəsi Nuranə Əhmədova layihədə iştirakın tələbələr üçün onların pedaqoji təcrübələrinin, gələcək müəllim olaraq səriştələrinin artmasına böyük dəstək olacağını vurğulayıb.