““POLİQLOT” - Təhsilverənlər üçün ingilis dili kursu” layihəsinin təqdimatı keçirilib
Noyabrın 25-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkisaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə uğur qazanmış daha bir layihənin təqdimatı keçirilib.
VI qrant müsabiqəsinin növbəti qaliblərindən biri də Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin təqdim etdiyi ““POLİQLOT” - Təhsilverənlər üçün ingilis dili kursu” layihəsi olub.
Təqdimat mərasimini giriş sözü ilə layihə rəhbəri, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova açıb. O, layihənin əsas məqsədi, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihədən gözləntilər barədə danışıb. O, qeyd edib ki, bu layihə liseyin tədris həyatında, öyrənmə və öyrətmə mühitində xüsusi motivasiya yaradacaq.
Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva çıxışında VI qrant müsabiqəsi ilə bağlı statistik rəqəmləri təqdim edib. Layihənin əhəmiyyəti və vacibliyi barədə danışan Vüsalə Əliyeva layihəni yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva çıxış edərək, inkişafyönümlü fəaliyyətlər üçün qrant müsabiqələrin əhəmiyyətini qeyd edib.
Sonda Bakı Dövlət Universitetinin ingilis dili müəllimi Leyla Atamova layihə müddətində müəllimlər üçün təşkil olunacaq təlimlərin modulları haqqında geniş məlumat verib.