146
logo

“Məktəbdən Beynəlxalq Arenaya” adlı layihənin açılışı olub

  • Çərşənbə 30 Noyabr 2022



Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş “Məktəbdən Beynəlxalq Arenaya” adlı layihənin açılışı olub.

Layihə üzrə ekspertlər, dünya və avropa çempionları, qazi və idmançılar açılış tədbirinin qonaqları olub.

Tədbiri giriş nitqi ilə Şamil Qorxmazoğlu açaraq, layihə haqqında məlumat verib. Bildirib ki, layihənin keçirilməsində bir neçə istiqamət məqsəd olaraq götürülüb. Orta məktəbdə 6-7-8-ci siniflərdə təhsil alan idmana maraqlı, lakin müəyyən sabəblərdən idmanla məşğul olmayan şagirdlərin ictimai əsaslarla idmanın karate növünə cəlb edilməsi hədəf olaraq götürülüb. Şagirdlər arasında idmanın faydası, sağlam həyat tərzinin vacibliyi, zərərli vərdişlərin fəsadları haqqında marifləndirmə işi aparılacaq.

Layihə çərçivəsində Şəhid idmançıların xatirəsinə həsr ediləcək məktəbdaxili yarışların keçirilməsi, məktəb şagirdlərinin dünya, Avropa çempionu, idman ustası olmuş titullu idmançılarla görüşünün təşkili planlaşdırılır.

Layihə müddəti və gələcəkdə əməkdaşlıq edilən federasiyaların keçirəcəyi ölkədaxili və beynəlxalq yarışlarda şagirdlərin iştirak etməsinin təşkili də hədəflər sırasındadır.

Tədbirdə idmançı-şagirdlərin karate və cüdo idman növləri üzrə nümunəvi çıxışları nümayiş etdirilib.

Qeyd edək ki, layihə müddətində 157 nömrəli tam orta məktəbdə karate üzrə ödənişsiz məşqlər keçiriləcək.