"Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması" layihəsinə yekun vurulub
Dekabrın 14-də Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qaliblərindən olan "Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması" layihəsinə yekun vurulub.
Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən layihə tənqidi düşüncəyə malik olan, təşəbbüskar və sosial-aktiv vətəndaşların yetişdirilməsinə töhfə vermək, şagirdlərin aktiv və məsuliyyətli vətəndaşlıq, sosial məsuliyyət barədə biliklərini artırmaq, şagirdlərin idea formalaşdırılması, kiçik ölçülü layihə yazılması və icra olunması barədə praktiki bacarıqlara yiyələndirmək, məktəbin sosial fəaliyyətlər üzrə strategiyasını formalaşdırmaq və cəmiyyətin sosial inkişafını artırmaq kimi məqsədlərini ehtiva edir.
2022-ci il noyabr və dekabr aylarını əhatə edən layihə çərçivəsində Bakı şəhəri 306 nömrəli tam orta məktəbin şagird və müəllimləri üçün təlimlər, seminarlar, müzakirələr təşkil olunmuş, şagirdlərin potensialının artırılması üçün “soft-skills” təlimləri həyata keçirilib, onların qarşılaşdıqları sosial problemləri müstəqil şəkildə analiz edib, həll yolları təklif etməsi bacarıqlarının artırılmasına çalışılıb.
Təlimlərin sonunda iştirakçılar komanda şəklində araşdırma edərək gördükləri bəzi problemlərin həlli üçün kiçik layihələr formalaşdırmış və buna uyğun olaraq ətraf mühitin qorunmasını təşviq etmək məqsədilə güləkmə aksiyası keçirib və rastlaşdıqları bəzi problemlərin həlli üçün "Valideyn-Şagird-Müəllim Məclisi" yaradıblar.