146
logo

Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyi ilə bağlı layihənin təqdimat mərasimi olub

  • Çərşənbə axşamı 20 Dekabr 2022



“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin ümumi təhsil kateqoriyası üzrə qalib olmuş “IX və XI sinif şagirdlərində imtahan öncəsi stresin aradan qaldırılması” layihəsinin təqdimat mərasimi keçirilib.

Bakı şəhəri Qaradağ rayonu üzrə təlim göstəriciləri və imtahan nəticələri aşağı olan 5 ümumi təhsil məktəbini əhatə edəcək  layihədə hər məktəb üzrə 50 şagird olmaqla ümumi 250 şagirdin, hər məktəbdən 50 valideyn olmaqla ümumi 250 valideynin və hər məktəbdən 8 nəfər olmaqla ümumi 40 nəfər pedaqoji heyətin layihəyədə iştirak etməsi məqsədəuyğun görülüb. Məktəblər  üzrə seçilmiş 50 şagirddən (valideynlər də həmçinin) 25-i 9-cu siniflər, 25-i isə 11-ci siniflər arasından seçiləcəkdir. Bundan əlavə, hər məktəbdən qatılacaq olan 8 nəfər pedaqoji heyət üzvlərinin riyaziyyat, ingilis dili və tədris dili fənləri üzrə seçilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsində əsas məqsəd 9-11-ci sinif  şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması  və onlarda özgüvənin (özünə inamın) artırılmasıdır.

Ümumi təhsil kateqoriyasında Bakı şəhəri 302 nömrəli tam orta məktəbin direktoru Günay Rəhimovanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 5 aydır. İlk ay məlumatlandırma xarakteri daşıyacaq, lakin sonrakı aylarda təlimlər və şagirdlərdə stressin diaqnostikası və korreksiya işi baş tutacaq. Eyni zamanda, iştirakçıların imtahan haqqında düşüncələri üzərində işləniləcək və ailə ilə şagird arasındakı münasibətlər daha sağlamlaşdırılacaqdır.

Qeyd edək ki, həftə ərzində layihəyə 5 gün (görüş) ayrılıb, bunlardan biri 9-cu sinif şagirdlərilə, digəri 11-ci sinif şagirdləri ilə, iki görüş müvafiq olaraq valideyn qrupları ilə və son olaraq həftədə 1 görüş təhsilverənlərlə gerçəkləşdiriləcəkdir. Hər bir görüşün müddəti 1.5 saat nəzərdə tutulub.