İbtidai sinif müəllimləri və şagirdləri üçün yeni vəsait nəşr edilib
Xəzər rayon 181 nömrəli tam orta məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan “Oyunlarla oxuyub anlama” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirə Xəzər rayon ümumtəhsil məktəblərinin müəllim və rəhbər heyəti, ərazidə yerləşən işğaldan azad olunmuş məktəblərin müəllimləri və müxtəlif qurumlardan qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Günel Almuradova bildirdi ki, layihənin məqsədi ibtidai siniflərdə Azərbaycan dili fənninin oyun əsaslı təlim metodu ilə öyrədilməsini qarşıya məqsəd qoyulub. Bu məqsədlə Xəzər rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən 45 ibtidai sinif müəlliminə 36 saatlıq oyunların təlimdə rolu, oyun əsaslı dərslərin qurulması və tətbiqi imkanları ilə bağlı təlimlərə cəlb edilib. Həmçinin müəllimlərə və şagirdlərə dəstək üçün ibtidai sinifləri əhatə edən “ Oyunlarla oxuyub anlama, oyun əsaslı qiymətləndirmə resursları” adlı vəsait hazırlanıb.
Daha sonra layihə rəhbəri bildirdi ki, layihə təklifində 100 oyunun yaradılması öhdəlik kimi götürülsə də iş prosesində əlavə oyunların yaradılmasına ehtiyac yaranıb və oyunların sayı 153-ə çatdırılıb. Bunlardan 123 oyun oxuyub anlamaya, 18 oyun dinləyib anlamaya, 12 oyun isə dil bacarıqlarına əsasən hazırlanıb.
Təqdim olunan vəsaitdə ibtidai sinif dərsliyində əksini tapan bütün mətnlər oxuyub anlamaya uyğun həm müxtəlif formalı suallarla, eləcə də həmin mövzuaya dair hazırlanmış oyunlara keçid üçün QR kodlarla işlənib. Oyun nümunələri müəllim üçün bir istiqamətdir, müəllim həmin oyunlara keçid etməklə şagirdlərini qiymətləndirə və ya yeni oyun formaları quraraq şagirdləri ilə paylaşa bilər.
Tədbirin sonunda təlimlərdə iştrak edən müəllimlərə sertifikatlar və layihə çərçivəsində hazırlanan kitablar hədiyyə edilib.