"Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin bağlanış mərasimi keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunda Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan "Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin bağlanış mərasimi keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunun metodisti Pənah Rzayev, Köşkü kənd tam orta məktəbinin coğrafiya müəllimi, AGMA-nın Göygöl rayon üzrə koordinatoru Leyla Rzayeva, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər ilə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev, idarənin könüllü gəncləri, məktəb direktorları, layihənin idarə heyəti, təhsil ictimaiyyətinin nümayəndələri və təlimlərə cəlb olunmuş müdavimlər və onların valideynləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri, Texniki, Təbiət Fənləri Təmayüllü liseyin direktoru Zəhra Zeynalova layihə boyunca görülmüş işlər barədə geniş məlumat verib. Daha sonra ayihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə 3 ay boyunca yetişdirilən gənc zehinlər öyrəndiklərini praktiki olaraq nümayiş etdiriblər.
"Rəqəmsal texnoloqlar" adlı dron yarışında 3 qalib komandanın üzvləri kubok və medallarla təltif olunub.
Sonda layihənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.