146
logo

“Şagirdlərin forum teatrı” layihəsi yekunlaşıb

  • Çərşənbə axşamı 14 Mart 2023



“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə ictimai diqqətin artırılmasına dəstək” layihəsi Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində icra olunub.

Layihənin əsas məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə məktəblilər arasında yaradıcı mühitin inkişaf etdirilməsi və bu öyrədici “alət”lərdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdır.

Layihə çərçivəsində son tədbir Forum Teatr Festivalının keçirilməsi ilə yekunlaşıb. Layihə üzrə təlimlərdə hazırlanmış Forum Teatr tamaşaları rayon ictimaiyyətinə, müxtəlif icmaların və maraqlı tərəflərin nümayəndələrinə təqdim olunub. Tamaşalar vasitəsi ilə təhsildən yayınma, insan alveri, digər sosial problemlərin həllini qabardan mövzulara toxunulub.

5 ay ərzində davam edən layihə çərçivəsində məktəblilərə Forum Teatr tamaşalarının hazırlanması və onların təqdim olunması təlimləri keçirilib, məktəbdə dərs keçən müəllimlər üçün gələcəkdə Forum Teatr metodunun tətbiqinə cəlb olunması üçün usdad dərsləri təşkil olunub. Həmçinin “Dəyirmi masa” müzakirələri keçirilib və burada şagirdlər öz təcrübələrini həmyaşıdları və digər maraqlı tərəflərlə bölüşüblər. Layihə çərçivəsində fəal iştirak edən şagirdlərin Bakıda fəaliyyət göstərən sosial, təhsil, miqrasiya və d. istiqamətlər üzrə işləyən yerli qurumlara mübadilə səfərləri də təşkil olunub.

Tədbirin sonunda təlimlərdə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.