146
logo

VI qrant müsabiqəsi qaliblərinin uğur hekayələri

  • Bazar ertəsi 27 Mart 2023



Məlumdur ki, hər bir təhsil sisteminin uğurları bilavasitə təhsil müəssisələrinin və onun müəllimlərinin uğurlu fəaliyyətinin nəticələrindən asılıdır. Bu mənada yenilikçi müəllimlərin aşkar olunması və onların yaradıcı təşəbbüslərinin stimullaşdırılması üçün təhsil sahəsində həyata keçirilən layihələrin mühüm əhəmiyyəti vardır. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri də məktəblərimizin və pedaqoji heyətin yaradıcı imkan və təşəbbüslərini  üzə çıxarmağa imkan yaradıb. 2022-ci ildə keçirilmiş VI Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələri oxuculara təqdim edirik.

 

Məlumdur ki, təhsilalanların gələcək həyatlarında onlara lazım olacaq səriştə və bacarıqların, empatiya və emosional hiss və qabiliyyətlərin əsası orta məktəbdə qoyulur. Bir çox hallarda bu məzmun vektorları fərdin gələcək həyatında onun hərtərəfli şəxsiyyət kimi formalaşması və öz uğurlu karyera təminatında həlledici faktorlardan biri kimi çıxış edir. İnsanlarda özünü tanıma, özünü təhlil hər bir insanın həyatında vacib rol oynayır.  Çünki  qədim Çin filosofu  Lao Tzu demişkən “başqalarını tanıyan ağıllı, özünü tanıyan isə kamildir”.

 

Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin müəllimi Aygün Rəhimovanın “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib gəlmiş “Özünü kəşf et - məktəblilərin uğurlu karyera yolunda şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi” layihəsi də öz aktual və yeniliyi ilə seçilir. Layihə barədə müəllif özü məlumat verir:

 

- Hər bir insanın daxilində mütləq bir qabiliyyət, bir bacarıq vardır. Şübhəsiz ki, hər kəs öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü yetişdirməlidir. Amma insanların çoxu özünə güvəni bərpa etməkdə çətinlik çəkir, həyatda böyük hədəflər qoymaqdan şüuraltı qorxurlar. Bunun səbəbi müxtəlif olur.

 

Uğurlu karyera üçün yalnız tədris zamanı qazandığımız peşəkar bilik kifayət deyil. Bu gün dünyada qəbul edilən və karyera quruculuğunda mühüm rol oynayan yumşaq bacarıqlar (soft skills) - insanlar arasındakı təsirli ünsiyyətə və peşəyə mükəmməl yiyələnməyə kömək edən şəxsi keyfiyyətlər ön plana çıxır.

 

Layihəni təklif etməkdə məqsədim şagirdlərdə, tələbələrdə şəxsi bacarıqların  (soft-skills) formalaşdırılmasının psixoloji metodikasını aşılamaq, interaktiv təlimlər vasitəsilə onlarda maraq oyatmaq idi. Layihənin icra olunduğu müddətdə Abşeron rayonu və Sumqayıt  şəhərindəki orta ümumtəhsil məktəblərində təhsil alan 150-dən artıq şagird və pedaqoji heyəti  layihəyə cəlb etdik. Şagirdlərlə birlikdə  “Soft-skills”- Yaradıcı Zəka Mərkəzini yaratdıq.

 

Bu metodla onlarda komandada işləmək, yaradıcı düşünmək, kreativ ideyalarla çıxış etmələri üçün əyani imkan yaratdıq. Daha sonra bu layihənin əsas məqsədini, ideyasını özündə ən gözəl və əyani formada əks etdirən  Linda Mulleli Hantın  “Ağacdakı balıq” kitabını şagirdlərə oxuyub fikirlərini bölüşməyi tapşırdıq. Layihənin davam etdiyi beş ay müddəti o qədər məhsuldar və şagirdlər arasında böyük marağa səbəb oldu ki, məktəblilərlə yaratdığımız online qruplar üzərindən ünsiyyətimiz bu gün də davam edir. Layihəmiz isə öz işini yekunlaşdırıb.

 

“UI/UX Dizayn”

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin öz innovativliyi və aktuallığı ilə seçilən qalib layihələrindən biri də “UI/UX  Dizayn” adlanır. Layihənin müəllifi Bakıdakı 20 nömrəli məktəb-liseyin direktor müavini Çinarə Kazımovadır. Ç.Kazımova layihəsinin mahiyyəti və icrası barədə fikirlərini bölüşür:

 

- Şagirdlərin məktəb dövründən maraq və istedadlarının üzə çıxarılması, onların gələcəkdə bu sahə üzrə peşəyə yiyələnməsi dövrümüzün əsas problemlərindən biridir. Məktəblərdə müxtəlif sahələr, xüsusilə də İT sahəsi üzrə təşkil olunan  (şagirdlər üçün ödənişsiz) təlimlər bu problemin aradan qaldırılmasında mühüm rol oynayacaq. Məktəblərimizdə dizayn qabiliyyəti, yüksək təxəyyülü və İT sahəsinə marağı olan kifayət qədər təhsilalan var. Onların erkən yaşdan bu sahəyə yönləndirilməsi artıq məktəbi və ya universiteti bitirdikdən sonra iş həyatına başlamalarına töhfə verəcək.

 

 Məlumdur ki, dizayn sahəsi əmək bazarında yüksək əməkhaqqı səviyyəsi ilə ön sıralardadır. Buna görə də məktəblərdə uyğun təlimlərin keçirilməsi məqsədə- uyğundur. UI/UX (istifadəçi interfeysi/istifadəçi təcrübəsi) dizayn sahəsi hazırkı dövrdə ən çox tələb olunan İT sahələrindən biridir. Bu, mobil proqramın və ya veb-saytın interaktivliyinin və təqdimatının təkmilləşdirilməsi prosesidir.

 

Layihənin həyata keçirilməsində məqsəd 3 ay ərzində şagirdlərə veb sayt və mobil tətbiqetmə dizaynının öyrədilməsidir.  Layihə sonunda təlim iştirakçılarının hər birinin maraqlarına uyğun hər hansı mövzuda veb sayt və mobil tətbiqetmə hazırlaya  bilməsidir.

 

Öncə VIII siniflər üzrə dizayn sahəsinə maraq və bacarığı olan şagirdlərin təlimə cəlb edilməsi təmin edildi. Şagirdlər 2 qrupa bölündülər. Təlimə ümumilikdə 20 nəfər cəlb olundu. Onlardan 10 nəfərlik 2 qrup təşkil olundu.  Hər qrupa həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla 12 dərs keçildi. Qruplarla 6 həftə ərzində təlim keçirildi. Təlimlər hər 2 qrup üzrə 12 həftəyə yekunlaşdı. Sonda uğurlu layihə təqdim edən şagirdlər sertifikatla təmin olundu.

 

"Azərbaycan müəllimi" qəzeti,

Oruc MUSTAFAYEV