146
logo

Azərbaycan Linqvistika Olimpiadasının final mərhələsi keçirilib

  • Çərşənbə axşamı 18 Aprel 2023



Məktəb-Lisey Kompleksində (MLK) təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "ümumi təhsil kateqoriyası" üzrə qalibi olmuş “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin final mərhələsi keçirilib.

Şagirdlər final mərhələsi üzrə tapşırıqları yerinə yetirib, müxtəlif fəaliyyətlərə dair interaktiv  çıxışlar dinlənilib. 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, idarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri, MLK-nin direktoru Esmira Quliyeva açaraq layihənin əhəmiyyətindən, şagirdlərin gələcək inkişafına təsirlərindən danışıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin vacibliyini vurğulayıb. Təhsildə son yeniliklərin gənclər arasında təbliğinin bu gün öz  aktuallığını qoruyan məsələlərdən olduğunu bildirən İdarə müdiri ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirmək, praktik məşğələlər vasitəsilə biliklərinin gündəlik həyatda tətbiqini göstərmək və bu kimi qabiliyyətləri aşılamağın önəmini qeyd edib.  

Qeyd edək ki, “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin əsas məqsədi şagirdlərin gələcəkdə Beynəlxalq Linqvistika Olimpiadasında iştirakını təmin etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir. VII-XI sinif şagirdlərinin iştirak etdiyi olimpiada üç mərhələdən ibarətdir. Qaliblər hər iki mərhələdə əldə olunan nəticələrin cəminə görə müəyyənləşdirilib.