Azərbaycanda ilk: robot-həkimlər məktəbdə
Bakı şəhəri 271 nömrəli tam orta məktəbdə layihənin ilk sınağına başlanılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsində “Ümumi təhsil müəssisələri” kateqoriyalası üzrə qalib olan “Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində” layihəsi çərçivəsində 271 nömrəli tam orta məktəbdə robot-həkimlərin tətbiqinə başlanılıb. Hazırda üç robot-həkim testdən keçirilir.
Layihənin məqsədi şagirdlərin sağlamlığını qorunması və tədrisin davamlığını təmin etmək üçün ekspress müayinə robotları və platformasının köməyilə məktəbdə şagirdlər arasında infeksion xəstəliklərinin sürətli şəkildə yoxlanılması ilə xəstəliyin vaxtında aşkarlanması və yoluxmanın qarşısının alınmasından ibarətdir.
Çarli (robotun adı) Çinin “Suzhou Walklake Smart System Co.., Ltd” şirkəti tərəfindən hazırlanıb. Bu məhsul uşaq bağçaları, təhsil müəssisələri, uşaq əyləncə parkları və digər yerlərdə uşaq sağlamlığının qorunmasında müəllimlərə və müvafiq işçilərə komək üçün nəzərdə tutulub.
Robot şagirdlərin davamiyyəti, əl, ağız, göz və hərarətin yoxlanılması üçün istifadə olunur. Davamiyyət qeydiyyata alındıqdan və sağlamlıq müayinəsindən sonra nəticələr valideynlərin e-poçt qutusuna göndərilir.
Layihə çərçivəsində tanışlıq məqsədilə məktəbdə müəllim, həkim, valideyn və şagird heyəti ilə birgə robotların görüşü təşkili olunub, istifadəsinə dair təlimat verilib.