Məktəblilərimizin 8-ci Avropa Cografiya Olimpiadasında uğuru
Serbiyanın Belqrad şəhərində şagirdlər arasında Avropa Coğrafiya Olimpiadası (European Geography Olympiad - EGEO) keçirilib.
3 hissədən ibarət olan olimpiadada şagirdlərin yazı bacarıqları, çöl işləri (tədqiqat) və test üzrə bilikləri qiymətləndirilib.
Belə ki, məktəblilərimizin qatıldığı olimpiadada Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Məsum Niftəliyev və Masallı rayonu Mahmudavar kənd tam orta məktəbin X sinif şagirdi Əli Həşimov bürünc medala, Şəmkir rayonu Qapanlı kənd tam orta məktəbin XI sinif şagirdi Rəsul Hüseynov, Neftçala şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Xavər Abdullazadə və İsmayıllı rayonu 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Osman Həsənli həvəsləndirici mükafata layiq görülüblər.
Qeyd edək ki, sözügedən elm yarışı 24 - 30 iyun 2023-cü il tarixlərində təşkil edilib. Olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərin hazırlıq prosesi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo və eGeo) hazırlığı” layihəsi əsasında həyata keçirilib. Adı keçən layihənin rəhbəri Yaşar Seyidəliyev III, IV, V, VI qrant müsabiqəsində "Fərdi"kateqoriya üzrə ardıcıl olaraq qalib olub.