146
logo

Təhsil müəssisəsində iki qrant layihə təqdim olunub

  • Çərşənbə 18 Oktyabr 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan "Məktəbli idman klubu" və "Sərbəst öyrənənlər dərnəyi" layihələrinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Milli Olimpiya Komitəsinin Xarici əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov  və məktəb direktorları iştirak ediblər.

Tədbirdə çıxış edənlər təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyətindən və  son illərdə bu istiqamətdə görülən işlərdən, müsabiqəyə müraciət edən müəllimlərin sayında olan müsbət dinamikadan danışıblar.

Daha sonra hər iki layihə barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, "ümumi təhsil müəssisələri" kateqoriyası üzrə qalib gəlmiş "Məktəbli idman Klubu" layihəsinin əsas məqsədi şagirdlərin marağına uyğun idman növlərinin təşkil olunması və həmin idman növlərinə aid maddi-texniki, təlim-tədris bazasının yaradılmasından ibarətdir. "Fərqi" kateqoriya üzrə qalib  "Sərbəst öyrənənlər dərnəyi" layihəsi isə riyaziyyatın tədrisinin elektron platforma üzərindən sərbəst öyrənmə bacarıqlarının aşılanmasına xidmət edəcək.

"Məktəbli idman Klubu" layihəsi çərçivəsində məktəbdə qılıncoynatma və qol güləşi üzrə idman klubları fəaliyyət göstərəcək. Layihə çərçivəsində şagirdlər müvafiq idman sahələri üzrə peşəkar təlimçilərdən dərs alacaq və yarışlara çıxacaqlar.

Qeyd edək ki, Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə icra olunacaq "Məktəbli  idman Klubu"  layihəsinin rəhbəri məktəbin direktoru Könül Hüseynova, "Sərbəst öyrənənlər dərnəyi" layihəsinin isə rəhbəri həmin məktəbin müəllimi İardə Abdullayevadır.