146
logo

"Məktəbimizin Xarizmatik Natiqləri" layihəsinin açılış mərasimi keçirilib

  • Çərşənbə 25 Oktyabr 2023



Oktyabrın 24-də  191 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “Məktəbimizin Xarizmatik Natiqləri” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə  Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Azərbaycan Gənc Müəllimlər  Assosiasiyasının sədri Rüfət Əsədzadə, "Karnegi Klub" Treninq Mərkəzinin rəhbəri Nəcəf Allahverdiyev, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri İradə Əlili, Xətai rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Mehriban İsrafilova, məktəb direktorları,  müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Məcidova layihə haqqında ətraflı məlumat verib, görüləcək işlərdən danışıb. Layihə rəhbəri son dövrlərdə İT istiqamətinə marağın artması nəticəsində şagirdlərdə ünsiyyət çatışmazlığı, özünüifadə, təqdimetmə bacarıqlarının zəifləməsini vurğulayıb, belə bir layihənin həyata keçirilməsi şagirdlərin gələcəkdə uğurlu karyera sahibi olmağına imkan yaradacağını qeyd edib.
Layihə çərçivəsində IX- XI sinif şagirdlərinin natiqlik bacarıqlarının inkişafına xidmət məqsədilə təqdimat, ünsiyyət, kommunikasiya, özünəgüvən, stres menecment, şəxsi inkişaf, uğur motivasiyası və s. mövzuları əhatə edən təlimlərin keçirilməsi planlaşdırılıb. Təlimlər “Karnegi Klub” Treninq Mərkəzi tərəfindən 2 ay keçiriləcək və layihənin sonunda təşkil ediləcək çempionatda 3 “ən yaxşı natiq” münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək mükafatlandırılacaqdır.
Sonda vətənpərvərlik mövzusunda müxtəlif musiqilər və şeirlər səsləndirilib, rəqs nümunələri və ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Xatırladaq ki,  "Ümumi təhsil" kateqoriyası üzrə qalib olan “Məktəbimizin Xarizmatik Natiqləri”  layihəsinin məqsədi lX-Xl siniflərdə təhsil alan şagirdlərin natiqlik qabiliyyətinin artırılmasıdır.