“Khan Academy" Lənkəran təhsilində
VII Qrant müsabiqəsinin qalibi olan və Lənkəran rayonu N. Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunan “Khan Academy" Lənkəran təhsilində” layihəsinin açılış tədbiri – ictimai təqdimatı keçirilib.
Açılış tədbirində Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran şəhər təhsil sektorunun məsul əməkdaşları, Lənkəranın digər ümumtəhsil müəssisələri direktorları, layihə heyəti, müəllimlər və digər məsul qonaqlar iştirak ediblər.
Təqdimatı açan layihənin rəhbəri, Ləj kənd tam orta məktəbin direktoru İlkin Yaqubov ilk olaraq 9 (doqquz) ay müddətində icra olunacaq layihənin məqsəd və vəzifələri, nəzərdə tutulan fəaliyyətlər haqqında ümumi məlumat verib, hər 2 məktəb üçün layihənin müsbət əhəmiyyətini vurğulayıb.
Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin ibtidai sinif şagirdlərinin onlayn öyrətmə platforması "Khan Academy" nin əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi, məntiqi təfəkkürü, sürətli hesablama vərdişini və yüksək IQ qabiliyyətini inkişaf etdirmək üçün bu təhsil müəssisələri müəllimlərin bilik, bacarıq və təcrübəsinin artırılmasını və eləcədə məktəb üçün nəzərdə tutulan geniş texniki dəstək fəaliyyətlərini qeyd edib.
Asif Əsgərli təqdimatında layihə çərçivəsində qısa hazırlıq dövründə görülmüş operativ işləri qeyd edərək, növbəti ayda ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan peşəkar təlimin hazırlıqları, nəzəri bilik və praktik təcrübənin tətbiqi ilə pedaqoqların arifmetika tədrisinə marağının artması və bu tədrisin gələcək davamlılığını bildirib.
Sonra təqdimatda dəvət olunan qonaqlardan çıxış edərək, bu layihənin Ləj kənd və Haftoni qəsəbə tam orta məktəbləri, onların şagirdləri, müəllimləri və ümumilikdə Lənkəran təhsili üçün müsbət əhəmiyyətini qiymətləndiriblər və uğurlar arzulayıblar.
Sonda iştirakçıların sual, fikir, təklif və rəyləri ilə qısa müzakirələr aparıldı.