“Gəl robotu birlikdə öyrənək” layihəsinin açılış mərasimi olub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən "Gəl, robotu birlikdə öyrənək” layihəsinin açılış mərasimi keçirilib.
Akademik Zərifə Əliyeva adına liseydə baş tutan tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Tədbirdə layihə rəhbəri, layihənin işçi qrupu və müəllimlər iştirak edib. Layihə rəhbəri Zəka İbrahimov qonaqlara layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd Akademik Zərifə Əliyeva adına lisey ilə Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin əməkdaşlığı çərçivəsində hər müəssisədə robototexnika klubları quraraq şagirdlərin robototexnika ilə əlaqədar bilik-bacarıqlarını inkişaf etdirməkdir.
Tədbirdə çıxış edən qonaqlardan Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva və direktor müavini Samirə Məsimova layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.