“Bullinqə birlikdə “Son” deyək!” adlı konfrans keçirilib
Layihənin fəaliyyətləri çərçivəsində Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə konfrans keçirilib. Konfransda icma üzvləri, pedaqoji kollektiv, yerli icma nümayəndəsi və bələdiyyə, həkim, polis, hüquqşünas, psixoloq və şagird heyəti iştirak edib.
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə konfransı açıq elan edib, iştirakçılara layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində görülən işlər və onların nəticəsi barədə məlumat verib. Konfrans mövzu ətrafında panel müzakirə ilə davam edib.
Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə mövzu ətrafında müxtəlif suallarla panelə müraciət edib. 100 nəfərdən ibarət iştirakçının 70%-i müzakirəyə qatılıb. 2 saat davam edən müzakirələrdən sonra konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olaraq Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə icra olunan “Bullinqə birlikdə "Son” deyək!” layihəsinin müəllifi Günay Nağıyevadır.