Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib
Şagirdlər arasında özünü düzgün ifadə edə bilmək, auditoriya qarşısında nitq söyləmək, müxtəlif mövzularda tədqiqat aparmaq və təqdimat edə bilmək bacarıqlarının inkişafı məqsədi ilə Quba məktəbliləri arasında yeni layihənini icrasına başlanılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən ""Orator" səyyar natiqlik dərnəyi" layihəsinin ilk təlimləri Quba rayonunun Talabıqışlaq kənd tam orta məktəbində təşkil edilib. Təlimlərə Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbi və Quba rayonu Küçeyi kənd ümumi orta məktəbində təhsil alan 15 nəfər 7-9-cu sinif şagirdləri cəlb edilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova layihənin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib, bu kimi layihələrin gənc nəslin inkişafında müstəsna rol oynadığını qeyd edib.
Təlimçi Ülvi Məmmədov tərəfindən şagrdlərə “İctimai natiqlik”, “Təqdimat bacarıqları”, “Debat və onun prinsipləri”, “Bədən dili və kütlə qarşısında çıxış” mövzularında təlimlər keçirilib.
Təlimin yekununda iştirakçılar sürtifikatlarla təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun daha 9 kənd ərazisində yerləşən məktəblərdə ümumilikdə, 150 nəfər şagirdi əhatə edəcək təlimlər təşkil olunacaqdır.
Təlimlərdən sonra şagirdlər “Sosial şəbəkələr təhsilin inkişafına müsbət təsir göstərir” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edəcəklər. Müsabiqənin yekununda münsiflər heyyətinin qərarı ilə ən uğurlu təqdimat müəllifləri layihə çərçivəsində diplom, medal, kubok və kitab hədiyyələri ilə təltif olunacaqdır.