146
logo

“Vətənpərvər məktəblilər” adlı layihə davam edir

  • Çərşənbə 14 Fevral 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinin üçüncü mərhələsi təşkil edilib.
Goranboy rayonu Veyisli kənd tam orta məktəbdə təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında qonaqlara və iştirakçılara layihə haqqında ətraflı məlumat verib.

Daha sonra Şəhid Nofəl Nuriyevin anası Fatma Nuriyeva şəhidlərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən qayğıdan ətraflı söz açıb, layihələrin vacibliyindən bəhs edib.
Çıxış edən Vətən müharibəsi iştirakçıları, qazi Tural Namazov və qazi Paşa Həsənov keçdikləri döyüş yolundan iştirakçılara ətraflı məlumat verib, layihənin əhəmiyyətindən bəhs edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin əməkdaşı Sevlan Rüstəmli tərəfindən “Vətən və vətənpərpərvərlik” mövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkil edilib.
Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcək “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir.